Milli Şura hakimiyyəti konstitusion hüquqları təmin etməyə çağırır

Milli Şuranın 7 oktyabr mitinqi

Milli Şurası (DQMŞ) toplaşma azadlığının təmin edilməsi tələbilə oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilmiş piketin qətnaməsini yayıb.

Sənəddə xatırladılır ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi dinc toplaşma azadlığı hüququna zəmanət verir.

1992-ci ildən Azərbaycanın da üzv olduğu mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsi və 2002-ci ildə ölkə tərəfindən ratifikasiya edilmiş Avropa insan hüquq və azadlıqlarının qorunması Konvensiyasının 11-ci maddəsi toplaşma azadlığına hörmətlə yanaşılmasını və zəmanət verilməsini öhdəlik kimi qoyur.

Lakin praktikada mitinqlərin, nümayiş və piketlərin keçirilməsi hüququ təmin olunmur.

Toplaşma azadlığı haqda qanunda çatışmazlıqların olmasına baxmayaraq, sənəddə toplaşma azadlığına zəmanət verən müəyyən müddəalar var. Lakin bu müddəalar düzgün icra olunmur ki, nəticədə toplaşma azadlığı məhdudlaşdırılır.

Qanunda mitinqlərin keçirilməsinin bildiriş xarakterli olmasına baxmayaraq, praktikada bu norma təşkilatçıların aksiyaların keçirilməsi üçün “ilkin icazə” almasının vacibliyi ilə təfsir edilir.

Azərbaycan hökuməti uzun illər toplaşma azadlığından istifadəyə icazə verməyib. Müxalifətin davamlı mübarizəsindən sonra “Məhsul” stadionunda mitinqlərin keçirilməsi üçün icazə almaq mümkün olub. İlk vaxtlar hökumət orada keçirilən mitinqlərin ciddiliyinə varmayıb. Lakin mitinq iştirakçılarının sayı artdıqca hökumət hətta icazəli mitinqlərin qarşısını almaq üçün bəzi repressiv tədbirlər görməyə başladı.

Əsasən 2016-cı il 11 sentyabr mitinqində çoxsaylı adam iştirak etdikdən sonra hökumət bazar günləri mitinqləri qadağan etdi. Həmin mitinq prezident hakimiyyətinin konsolidasiaysına yönəlmiş konstitusiya referendumuna etiraz olaraq müxalifət tərəfindən təşkil edilmişdi.

Bundan əlavə, mitinqlərdən öncə və sonra müxalifət tərəfdarlarının saxlanması və həbs edilməsi, cərimələrin tətbiqi, işdən çıxarılması praktikası tətbiq edilməyə başladı.

2005-ci ildən bu yana ən kütləvi aksiya olan 19 yanvar mitinqindən sonra hakimiyyət “Məhsul” stadionunda da mitinqləri qadağan etdi.

8 ay həmin stadionda mitinqlərin keçirilməsindən imtinadan sonra hakimiyyət aksiyanın şəhərətrafı Lökbatan qəsəbəsində keçirilməsini təklif etdi.

“Bu cavab o demək idi ki, hökumət toplaşma azadlığı hüququndan tamamilə imtina edib. Bu səbəbdən Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin mərkəzi binası qarşısında piket keçirmək qərarına gəldi”, – bəyanatda deyilir.

Qətnamənin sonunda DQMŞ hökumətdən Azərbaycanın beynəlxalq öhdəliklərə və milli qanunvericiliyə əməl etməsini, toplaşma azadlığının, mitinqlərin, nümayişlərin və piketlərin təkcə paytaxda deyil, bütün ölkə boyunca keçirilməsinin təmin edilməsini, aksiya iştirakçılarının cəzalandırılması, saxlanması, həbs edilməsi, cərimələnməsi, işdən çıxarılması praktikasına son qoyulmasını tələb edir.

“Azərbaycan hökuməti yerli icra hakimiyyətlərinin, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin heç bir şərt olmadan toplaşma azadlığı hüququna zəmanət verərək Azərbaycan Konstitusiyasına uyğun hərəkət etməsini təmin etməlidir”