Seymur Həzi: ‘Hamınız hüququn başına açdığınız oyunlara görə cavab verəcəksiniz’

Seymur Həzi

Bu gün, oktyabrın 29-da Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Seymur Həzi ilə bağlı şikayətə baxılıb.

Abzas xəbər verir ki, polisin şikayəti əsasında Seymur Həzinin həbs müddəti 15 gün artırılıb, ümumilikdə onun inzibati həbs müddəti 30 günə çatdırılıb.

Seymur Həzi məhkəmədə deyib ki, Azərbaycan hökuməti məhkəmə sisteminin başına oyun açıb.

“Hamınız hüququn başına açdığınız oyunlara görə cavab verəcəksiniz. Bəlkə sabah məni öldürəcəksiniz, amma birisi gün buna görə mütləq cavab verəcəksiniz”.

Seymur Həzi Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqdən 2 gün əvvəl polis tərəfindən saxlanılıb və barəsində 15 sutka həbs edilib.

Həmçinin, digər AXCP fəalı Nicat Nizamovun da həbs müddəti 15 gündən 30 günə çatdırılıb. O da 19 oktyabr mitinqindən əvvəl həbs olunub.