“Tofiq Yaqublu polisdə ağır işgəncə görüb, qabırğası sınıb, sonra da xəstəxanaya aparılıb”

30 sutka inzibati cəza alan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işgəncəyə məruz qaldığı bildirilir.

Məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi yayıb. Onun sözlərinə görə, atası oktyabrın 21-də zəng edərək işgəncəyə məruz qaldığını bildirib:

“Ona şiddətli işgəncələrin verildiyini dedi, qabırğası sınıb. Atam təcili həkim müayinəsi tələb edir. Əgər Tofiq Yaqubluya bir şey olsa, bütün məsuliyyət İlham Əliyevin üzərindədir”.

Nigar Həzi bildirib ki, bu gün atası ilə görüşə gedəcək və vəkili ilə görüşüb müqavilə imzalayacaq.

“Sonra vəkili görüşə gedəcək. Tofiq Yaqublunu 1 saat əvvəl təcili yardımla hospitala aparıblar. Ancaq hara aparıldığı bilinmir. Məlumat verilməsini gözləyirəm”.

Tofiq Yaqublu oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının “28 may” metrostansiyasının önündə təyin etdiyi mitinq zamanı həbs olunub. O, 30 sutka inzibati cəza alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən hələlik münasibət almaq mümkün olmayıb.