Tofiq Yaqublunun üzərində işgəncə izlərinin qaldığı bildirilir [video]

Tofiq Yaqublunun məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb

Tofiq Yaqublunun məhkəməsi vəkilin vəsatətlərinə görə qeyri-müəyyən vaxta təxirə salınıb

Publicerat av Abzas.net Tisdag 29 oktober 2019

Bu gün, oktyabrın 29-da Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şikayəti üzrə Apellyasiya Məhkəməsi keçirilib. 

Abzas xəbər verir ki, hakim Əflatun Qasımovun rəhbərliyi ilə keçirilən prosesdə Tofiq Yaqublunun vəkili Nemət Kərimli onun ekspertizadan keçirilməsi, üzərindəki xəsarət izləriylə bağlı rəy alınması barədə vəsatət qaldırıb.

Vəkilin sözlərinə görə, Ali Məhkəmənin qərarı var, əgər hakim mühakimə etdiyi şəxsin üzərində xəsarət görürsə, şəxs özü də işgəncəyə məruz qaldığını bildirirsə, bu halda mütləq ekspertiza təyin etməlidir:

“Təəssüf ki, Nəsimi rayon Məhkəməsinin hakimi bu məsələyə münasibət bildirməyib. Tofiq Yaqublunun bildirdiyinə görə, o, məhkəmədə məruz qaldığı işgəncələri danışıb. Amma məhkəmə qərarında bu barədə heç nə yoxdur”.

“Sorğu göndərilsin, müayinələrin nəticələri istənilsin”

T.Yaqublunun ona danışdıqlarına əsaslanan vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs üzərindəki xəsarətlərə görə Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. O, inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya gətirilərkən orada da müayinədən keçirilib.

Nemət Kərimli məhkəmədən xahiş edib ki, hər iki quruma sorğu göndərilsin və müayinələrin nəticələri istənilsin.

Vəkil deyir ki, başqa bir qanun pozuntusu birinci instansiya məhkəməsindəki iclas protokolunun bu günə qədər nə T.Yaqubluya, nə də müdafiəçi kimi ona tanış olmağa verilməməsidir:

“Məhkəmə protokolları saxtalaşdırılıb”

Hakim Əflatun Qasımov vəkilin bu istəyi ilə razılaşıb və iş materiallarını ona təqdim edib. Təxminən 15 dəqiqə ərzində materiallarla tanış olan vəkil protokolların saxtalaşdırıldığını bildirib. Deyib ki, protokol məhkəmədə baş verənləri əks etdirmir.

N.Kərimli bu barədə qeydlərini yazılı təqdim edib. Bununla əlaqədar apellyasiya məhkəməsi qərar verib ki, həmin qeydlər işlə birlikdə Nəsimi rayon Məhkəməsinə göndərilsin. T.Yaqublu haqqında qərar vermiş hakim vəkilin qeydlərinə münasibət bildirdikdən sonra bu işə apellyasiya məhkəməsində baxılacaq.