Vaşinqtonda tədbir keçiriləcək: ‘Azərbaycanda dinc etirazlar və işgəncələr’

ABŞ Milli Mətbuat Klubu oktyabrın 31-də Vaşinqtonda “19 oktyabr etiraz aksiyası – işgəncələr və repressiyalar: Azərbaycanda yeni era” mövzusunda diskussiya təşkil edəcək.

Diskussiyanın mövzusu oktyabrın 19 və 20-də Bakıda iki mitinqin polis tərəfindən amansızlıqla dağıdılması nəzərə alınmaqla Azərbaycanda insan hüquqlarının hazırki vəziyyətidir.

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-da təşkil etdiyi nümayişdə siyasi məhbusların azadlığa buraxılmasına, azad və ədalətli seçkilərin keçirilmsinə çağırılıb, artmaqda olan işsizliyə və iqtisadi ədalətsizliyə etiraz edilib.

Saxlanılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli də olub. O, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalıb, bir neçə saat saxlanılıb. Bir neçə fəal hələ də həbsdədir. Azad edilmiş fəallar polisdə amansızcasına döyüldüklərini bildiriblər.

Diskussiya iştirakçıları arasında Demokratik Qüvvələrin Milli Şurasının lideri Cəmil Həsənli, ‘Amnesty International’-da Avropa və Mərkəzi Asiya üzrə dikertor Daniel Balson və jurnalist Sevinc Osmanqızı da olacaq.

Tədbirin moderatoru jurnalist, ‘Amnesty International USA’-də Azərbaycan üzrə mütəxəssis Ələkbər Raufoğludur.