53 mlrd dollar sərvəti olan Blumberqin müxalifətdən prezidentliyə namizəd olacağı gözlənilir

Maykl Blumberq

Nyu York şəhərinin keçmiş meri Maykl Blumberq 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkisi yarışmasında demokratlardan namizəd olmağı nəzərdən keçirir.

Bu barədə ‘Reuters’ agentliyi xəbər yayıb. Məlumata görə, milyarderin ilkin praymeriz seçkisinə üç ay qalmış namizədliyini elan edəcəyi gözlənilir.

Milyarder media maqnatı və xeyriyyəçi Blomberq üç dönəm Amerikanın ən böyük şəhərinin meri postunda çalışıb.

Milyarderin sözçüsü Havard Vulfson deyib ki, Blumberq demokratlardan mövcud namizədlərin 2020-ci ildəki seçkidə respublikaçı prezident Donald Trampı məğlub edəcəyinə şübhə ilə yanaşır.

77 yaşlı Blumberqin Alabama ştatından ilkin seçkilərə qatılmaq üçün bu həftə sənədlərini verəcəyi gözlənir.

Hazırda Demokratlardan 17 nəfər prezidentliyə namizəd üçün yarışırlar. Son rəy sorğuları onlardan dördünün öndə getdiyini göstərir: Partiyanın proqressiv qanadını təmsil edən senatorlar Elizabet Uorren, Berni Sanders və daha mötədil qanadın təmsilçilərindən keçmiş vitse-prezidenti Co Bayden, İndiana ştatından mer Pit Buttigig.

‘Bloomberg L.P.”-nin təsisçisi və direktoru Blumberq 2002-2013-cü illərdə Nyu Yorkun meri olub. O, iqlim dəyişikliyi, silah zorakılığı məsələləri üzrə aparıcı fəal, xeyriyyəçidir.

Super-zənginlərə əlavə vergi tətbiq etmək planı…

“Əgər Mayk yarışsa, demokratlara yeni seçim təklif edər. O, Tramp ilə mübarizə apararaq onu uda bilər”, – Vulfson deyib.

Ağ Evin sözçüsü Stefani Qrişam ‘Fox News Channel’ televiziyasına müsahibəsi zamanı ona Blumberq barədə sual verilib. Sözcü cavabında bildirib ki, Tramp “Amerika xalqı üçün böyük işlər görür, nəticələr ortadadır və ona qarşı kimin namizəd olacağının fərqi yoxdur – prezident qalib gələcək”.

Blumbqer Uorrenin prezident olacağı təqdirdə super-zənginlərə əlavə vergi tətbiq etmək planını tənqid edib. Uorren bu vergi hesabına səhiyyədən tutmuş pulsuz kollec təhsilinədək bir sıra proqramları maliyyələşdirmək istəyir.

Əgər Blumberq seçkiyə gedərsə, o, Biden və Buttigig kimi namizədlərlə rəqabət aparmalı olacaq. Onlar Uorrenin populist proqressivliyinə mötədil alternativ kimi görünürlər.

Gəlir bərabərsizliyi

Ancaq o, partiyanın liberal qanadı ilə çətin bir yolda üzləşməli olacaq. Bu qanad siyasətə axıdılan korporasiya pullarından, Amerikada gəlir bərabərsizliyindən narahatdır.

Kaliforniyadan Tom Steyer iqlim dəyişikliyini kampaniyasının əsas mövzusu edib və kampaniyaya milyonlar xərcləyib. Rəqibləri onun seçkiyə gedən yolu satın almağa çalışdığını deyirlər.

“Milyarderlərin getdikcə daha artıq siyasi gücə can atması Amerikaya lazım olan dəyişiklik deyil”, – Sandersin seçki kampaniyasının meneceri Faiz  Şakir deyib.

“Forbes” dərgisi Blumberqi Amerikanın səkkizinci zəng adamı hesab edir, varidatını isə 53,4 milyard dollar dəyərləndirib.

77 yaşındakı Blumberq Demokrat namizədlər arasında 78 yaşlı Sandersdən sonra ikinci ən yaşlı namizəd ola bilər. Onlardan sonra ən yaşlı namizədlər 76 yaşlı Bayden və 70 yaşlı Uorren gəlir. Respublikaçılar tərəfdə isə prezident Trampın 73 yaşı var.

Demokratların ilk praymeriz seçkiləri 2020-ci ilin fevralın ayının 3-də Ayova ştatında başlayacaq.