Avstriya höküməti Hitlerin doğulduğu evi polis idarəsinə çevirmək istəyir

Hitlerin Braunau am Inn şəhərindəki doğulduğu ev.

Avstriyanın Braunau am Inn qəsəbəsində Hitlerin doğulduğu evin qarşısında bir abidə qoyulub. Abidənin üzərində yazılıb ki: “Sülh, azadlıq və demokratiya üçün. Faşizm bir də heç vaxt canlanmamalıdır. Həyatını itirmiş milyonlarla insan bizə bunu xatırlatmalıdır”

Bu günlərdə Avstriya höküməti keçmiş nasist lideri Adolf Hitlerin doğulduğu evi polis idarəsinə çevirəcəyini bəyan edib.

Avstriyanın daxili işlər naziri Volfqanq Peşhorn deyib ki, biz bu yolla Hitlerin evinin nasizmi xatırladacaq bir yer olmamasına çalışacağıq.

Avstriya höküməti bir müddətdir Braunau am Inn qəsəbəsindəki evin “Neo-nasistlər üçün bir anım yerinə çevirilməməsinə” çalışır, bu məqsədlə layihələr həyata keçirir.

Bir ara evi tamamilə sökmək və yerində nasizmə qarşı mübarizə aparmaq üçün bir mərkəz yaratmaq ideyası da ortaya çıxmışdı.

Hər il Hitlerin doğum gününə faşizmə qarşı olan qruplar bu evin qarşısında nümayiş keçirirlər.

Xatırladaq ki, Hitlerin 20 aprel 1889-cu ildə dünyaya gəldiyi bu evdə onun uşaqlığının kiçik bir hissəsi keçib.

1972-ci ildən bəri ev dövlətdən kirayayə götürülüb və uzun illərdir əlil uşaqlar üçün bir mərkəzə çevrilib.

Evin təmirinə icazə verməyən ev sahibi Gerlinde Pommerlə hökümət arasındakı çəkişmələrdən sonra bina boş qalıb. 2016-cı ildə isə hökümət binanı sahibinə 810 min avro təzminat ödəyərək alıb.

Binanın polis idarəsinə çevrilməsi üçün gələn ildən hökümət Avropa Birliyi səviyyəsində layihə tenderi elan edəcək.