Azərbaycan “Şərq Tərəfdaşlığı”nda fərdi yanaşmaya tərəfdardır

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Aİ-nin qonşuluq siyasətində yanaşmalara yenidən baxmasını və “bir ölçü hamıya uyğundur” prinsipindən  imtina etməsini alqışlayıb.

Bu barədə o, noyabrın 5-də Stokholmda  “Şərq Tərəfdaşlığı üçün yeni siyasi baxış” mövzusunda yüksək səviyyəli nazirlər seminarında bildirib.

Turan-ın məlymatına görə, nazir Aİ-nin tərəfdaşlarına qarşı fərqləndirmə konsepsiyasına keçməsini müsbət qiymətləndirib. Bu,    ölkələrin ehtiyac və istəklərinə əsaslanmalıdır.

“Ölkələrin öz seçimləri olmalıdır, Aİ-nin seçimi yox”, – o qeyd edib və deyib ki, Azərbaycan Aİ-dən “spesifik və fərqləndirilmiş gündəlik” üzrə təkliflər gözləyir.

Geostrateji mövqe və regional təhlükələr nəzərə alınmaqla, hər tərəfdaşın müxtəlif inkişaf strategiyası və baxışları olmalıdır. Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələri arasında Aİ-nin ən böyük investorudur, ancaq heç zaman xüsusi   prioritet statusa iddia etməyib, nazir deyib.

Sonra o, Qarabağ münaqişəsinə toxunub.

“Bir ölkə digər ölkənin ərazilərinin 20%-i işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz”, -E.Məmmədyarov davam edib.

“Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır. Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır”, – o bildirib.

“Şərq Tərəfdaşlığı”nın perspektivlərindən danışan nazir deyib ki, Azərbaycan fərdi yanaşmaya üstünlük verir.

Azərbaycan təbii qaz tədarükçüsüdür, bu, Aİ üçün  ideal keçid yanacağı ola bilər. “Aİ-yə gedən qaz kəmərimiz Aİ-nin iqlim siyasətinin məqsədlərinə birbaşa töhfədir”, – E.Məmmədyarov vurğulayıb.