BŞİH yenə Lökbatanı göstərdi, Müsavat isə şəhərin mərkəzinə aksiya təyin etdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) noyabrın 10-da mitinq keçirmək istəyi ilə bağlı Müsavat Partiyasının müraciətinə noyabrın 6-da cavab verib.

Bu barədə açıqlama verən partiyanın başqanı Arif Hacılı deyib ki, icra hakimiyyəti onların təklif etdiyi yerlərdən heç birində kütləvi aksiyanın keçirilməsini məqbul saymayıb.

Başqanın sözlərinə görə, meriya cavab məktubunda təklif edilən başqa yerlərə icazə verilməməsinə səbəb kimi qanunvericiliklə metropolitenin mühafizə zonalarında dinc toplantıların keçirilməsinin qadağan olunduğunu bildirib.

Bunun əvəzində isə Müsavat Partiyasına aksiyanın Lökbatan qəsəbəsində keçirilməsi təklif edilib.

Müsavat Partiyası BŞİH-ə “Məhsul” stadionundan başqa Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan və metronun “Dərnəgül” stansiyasının çıxışındakı meydanı təklif etmişdi.

Arif Hacılı bildirib ki, partiya BŞİH-nın təklif etdiyi yerdə mitinq keçirməkdən imtina edib. Onlar noyabrın 12-də piket keçirmək niyyətindədirlər.

Partiyadan o da bildirilib ki, noyabrın 12-si Konstitusiya Günüdür. Onlar “Konstitusiyaya əməl et”, “Sərbəst toplaşma azadlığını təmin et” tələblərini gündəmə gətirəcəklər.

Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi, amma BŞİH ilə yerlə bağlı razılaşdırma olmaması üzündən təxirə salınan aksiyasında isə “Siyasi məhbuslara azadlıq”, “Repressiyalara son” kimi şüarların səsləndirilməsi planlaşdırılırdı.