‘Google’ 2,1 milyarda saat şirkətini aldı

Son günlər ‘Fitbit’ ağıllı saat şirkətinin ‘Google’ tərəfindən alınacağı ilə bağlı məlumatlar yayılırdı. Nəhayət, noyabrın 1-də şirkətlər razılığa gəlib və ‘Google’ ‘Fitbit’ saat şirkətini aldığını elan edib. 

Xüsusilə sağlamlıq sahəsində istifadə olunan texnoloji məhsullarla tanınan ‘Fitbit’ brendi bundan sonra ‘Google’ şirkətinə məxsus olacaq.

Reuters agentliyi bildirib ki, şirkət ‘Wear OS’ əməliyyat sistemi ilə ağıllı saat bazarına daha güclü formada girmək istəyir.

Agentliyin məlumatına görə, ‘Google’ bu anlaşma üçün 2,1 milyard dollar ödəyib.

Texnologiya nəhəngi rəhbərinin müavini Rik Osterlo bu satınalmadan sonra bildirib ki, ‘Wear OS’ əməliyyat sisteminə daha çox sərmayə qoyulacaq və daha çox məhsulun satışa çıxarılacağını bildirib.

‘Fitbit’ şirkəti bu razılaşmadan sonra ictimaiyyətə açıqlamasında bildirib ki, toplanan sağlamlıq məlumatlarının ‘Google’ reklamları üçün istifadə edilməyəcəyi qərarlaşdırılıb.

Məlumatda deyilir ki, ‘Google’ ‘Wear OS’ sistemi geyinilə bilən məhsul bazarına girmək üçün illər sərf edib.