İHK qeydiyyat üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edib

Rəsul Cəfərov

İnsan Haqları Klubu  (İHK) bu ictimai birliyin dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə Turan-a İHK-nın həmtəsisçisi və rəhbəri Rəsul Cəfərov bildirib.

Təşkilat 2010-cu ildə yaradılıb və qeydiyyat üçün bir neçə dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Ancaq hər dəfə imtina ilə qarşılaşıb.

2011-ci ildə növbəti dəfə mənfi cavab aldıqdan sonra Ədliyyə Nazirliyinin  hərəkətindən məhkəmə qaydasında şikayət etmək qərarına gəlib. Lakin milli məhkəmə instansiyaları təşkilatın şikayətini təmin etməyiblər və o, AİHM-ə müraciət edib.

2019-cu il iyulun 25-də AİHM İHK-nın qeydiyyatından imtina ilə bağlı Ədliyyə Nazirliyinin  qərarını qanunsuz sayaraq Avropa Konvensiyasının 11-ci maddəsinin  (toplaşma və birləşmə azadlığı) pozulduğunu hesab edib.

Oktyabrın 25-də bu qərar qüvvəyə minib, çünki hökumət Strasburq Məhkəməsinin Böyük Palatasına şikayət verməyib.

“Avropa məhkəməsinin qərarının qüvvəyə minməsi, həmçinin  təşkilatın şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyı ilə əlaqədar biz İnsan Haqları Klubunun qeydiyyatı üçün yenidən Ədliyyə Nazirliyinə müraciət etməyi qərara aldıq. Ümid edirik ki, Ədliyyə Nazirliyi müsbət qərar qəbul edəcək.

Bu, hakimiyyətin bəyan etdiyi islahatlar kursuna da uyğun olardı. İnsan Haqları Klubunun və digər QHT-lərin qeydiyyatı islahatların uğurla həyata keçirilməsinə yardım etmiş olar, çünki vətəndaş cəmiyyəti institutları islahatların dəstəklənməsinə mühüm töhfə verə bilər”, – R.Cəfərov vurğulayıb.