İrandakı etirazlar getdikcə şiddətlənir, parlament müzakirəyə başlayır

İran hökumətinin qiymət artımına etirazlara reaksiyası şənbə günü günortadan sonra getdikcə şiddətlənib. Məlumatlara görə, Şiraz, Buşehr və Tehranda atəş səsləri eşidilməkdədir.

Azadlıq Radiosunun məlumatına görə, sosial mediada yayılan qeyri-rəsmi məlumatlarda ən azı 10 etirazçının öldürüldüyü bildirilir. Ancaq radio bu məlumatları hələki müstəqil olaraq dəqiqləşdirə bilməyib.

Noyabrın 16-da Sircan şəhərindəki aksiyalarda bir nəfərin ölməsi barədə məlumatlar təsdiqlənib.

Amma Sircanın qubernatoru həmin şəxsin məlum olmayan şəraitdə öldürüldüyünü və bir neçə nəfərin də yaralandığını deyib.

Bundan əvvəl verilən rəsmi xəbərlərdə bildirilirdi ki, noyabrın 15-də Sircanda bəzi etirazçılar neft anbarını yandırmağa cəhd göstərib, amma İran təhlükəsizlik qüvvələri bunun qarşısını alıb.

Tehran yaxınlığındakı Şiraz, Behbahan və Kərəcdə nümayişçilərin güllələnməsinə dair təsdiqlənməmiş məlumatlar da var.

Bu arada Təbriz şəhərindən gələn videolarda xalqla çevik qüvvələr arasında şiddətli qarşıdurmaların olduğu, Behbahan şəhərində bir bankın yandığı görünür.

Vəziyyəti sakitləşdirmək üçün iki nüfuzlu ayətullah, Safi Golpayegani və Alavi Qorqaninin parlamenti qiymət artımını geri almağa çağırıb, baxmayaraq ki, İran parlamenti üç qat bahalaşma qərarında iştirak etməyib.

Xatırlama

İranda etiraz aksiyaları ölkədə yanacağın qiymətinin qaldırılmasından sonra başlayıb. Noyabrın 14-də məlum olub ki, ölkədə litri 9 sentə olan benzin yeni artımdan sonra 12,7 sentə satılacaq və aylıq limit 60 litr olacaq.

Bundan başqa taksi, təcili tibbi yardım maşınları üçün limit 500 litr civarında müəyyən edilib, bu limitdən sonra isə benzinin 1 litri 26 sentdən hesablanacaq.