İrandakı kütləvi etirazlarda onlarla azərbaycalı fəal saxlanılıb

İranda benzinin qiymətinin artırılmasına görə başlayan və ölkə boyu əksər şəhərlərə yayılan kütləvi nümayişlərin 6-cı günü yaşanır. ABŞ sanksiyalarının da təsiri ilə iqtisadi çətinliklər içində yaşayan xalq benzinin qiymətinin üç dəfə artırılması ilə daha da hiddətlənib.

İran təhlükəsizlik qüvvələrinin çox sərt müdaxilələr etdiyi nümayişlərdə Amnesty İnternationala görə indiyə qədər 106 nəfər həyatını itirib.

Digər tərəfdən İrandakı etirazların önündə gedən azərbaycanlıların kompakt yaşadığı şəhərlərində də böyük nümayişlər təşkil olunub. İran Azərbaycanının mərkəzi olan Təbrizdə 5-6 nöqtədə nümayişlər keçirilib və nümayişlərin hər birində 15-dən 200 nəfərədək insan iştirak edib. Nümayişlər zamanı üç banka və 3 yanacaq doldurma məntəqəsinə, həmçinin bir neçə şəxsi avtomobilə zərər dəyib.

İran İnqilab Mühafizləri Komitəsi (SEPAH) məlumat yayıb ki, təbrikdə nümayişlərdə iştirak etmiş adamlardan 30 nəfəri saxlanılıb.

Həbs olunmuş urmiyalı fəallar Əli Əzizi və Salar Tahiri Əfşar.

Azərbaycanlıların yaşadığı daha bir şəhər olan Urmiyada da nümayişlər baş verib. Nümayişlərdə iki azərbaycanlı fəal Əli ƏziziSalar Tahiri Əfşarın İran təhlükəsizlik idarəsi olan ETTELAAT əməkdaşları tərəfindən həbs olunub. Fəalların noyabrın 20-də saxlanıldığı deyilir. Bundan əvvəl noyabrın 17-də daha bir urmiyalı fəal Abbas Mehrasa təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Urmiyada həbs olunmuş fəal Abbas Mehrasa və təbrizli fəal Babək Hüseyni Müqəddəm.

Ötən günlərdə Təbriz sakini olan güneyli fəal Babək Hüseyni Müqəddəm də Ettelaat əməkdaşları tərəfindən tutulub. Onun harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyəti isə sulduzlu fəallarla bağlı məlumat yayıb. Bildirilib ki, Sulduz şəhərində bir neçə azərbaycanlı fəala Ettelaat tərəfindən zəng edilib. Onlara bildirilib ki, şəhərdən çıxmasınlar, əks halda barələrində ciddi tədbir alınacaq.

Ötən günlərdə etiraz aksiyalarının geniş vüsət aldığına və hökumət tərəfindən internetin kəsildiyinə görə Azərbaycan şəhərlərində saxlanılan etirazçıların kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Hələlik aşağıdakı fəalların kimliyi müəyyən edilib: Qaffar Rzaiyan (Zəncan), Davud Şiri (Təbriz), Əyyub Şiri (Təbriz), Ruzbeh Piri (Təbriz), Yaşar Piri (Təbriz), Fəraz Novruzi (Təbriz), Tohid Xademi (Qoşaçay), Əhməd Abedi (Qoşaçay), Meysəm Colani (Ərdəbil), Siyamək Seyfi (Xiyav), Babək Hüseyni Müqəddəm (Təbriz), Əli Əzizi (Urmiya), Salar Taheri Əfşar (Urmiya).