Kottbus və Şərqi Avropa kinosu – Hacı Səfərov

Ötən günlərdə Almaniyanın şərqində yerləşən, balaca bir şəhərdə keçilirən “Kottbus Film Festivalı”na qatılmışdım. Bu film festivalı Şərqi Avropa kinosuna fokuslanıb və hər il müxtəlif ölkələrdən qısa və uzun filmlər göstərilir. Azərbaycanın da iki filmi bu festivalda göstərilirdi: Hilal Baydarovun “Xurmalar Yetişən Vaxt” və Orxan Ağazadənin “Oturacaqlar” filmi. Gələn il artıq festival 30-cu yubileyini qeyd edəcək. Kifayət qədər təcrübəsi və keçmişi olan festivalın sanki əsas məramı illərdir həyatı donmuş, heç bir yenilik görməyən balaca şəhərə hər il yeni nəfəs gətirmək, diriltmək və növbəti ilə qədər öz vaxtını gözləməkdir. Bu məqsədində də kifayət qədər uğurlu olur. Bütün Şərqi Avropanın simaları bura təşrif buyurur, müzakirələr aparır, filmlər izləyirlər. “Gördüklərin özündə qalsın, bizə izlədiklərindən danış”sözlərinizi sanki duyuram. Ona görə də çox uzatmadan izlədiyim filmlərə keçirəm.

İlk öncə, festivalda izləməyə vaxt tapa bilmədiyim, lakin sonradan izlədiyim “Oturacaqlar” barəsində danışmaq istəyirəm. Gənc rejissor Orxan Ağazadənin bu filmi Azərbaycanın ucqar bir kəndində insan faciəsindən bəhs edir. Bu faciənin miqyası kiçik kimi görünsə də, rejissorun Azərbaycanın kənd həyatını, insanların yaşadığı çətinlikləri və seçdiyi yolları minimal tərzdə göstərməsi bütün ölkəmizə xas olan problemləri aydınlaşdırır. Bir-iki informativ dialoq, bir neçə nüanslarla kənd həyatının açılması təqdirəlayiq haldır. Bundan əlavə, film bəşəriyyətin əsas və daimi mövzularından biri olan sevgiyə də toxunur. Ümumilikdə, rejissorun mövzuya pafossuz, sərrast münasibəti, böyük sözlər demədən böyük fikirlər ortaya atmaq bacarığı diqqət çəkir. Filmdə qüsurlar da var, lakin son dövrlərdə çəkilən yaxşı qısa filmlərimizdən biri olduğu şübhəszdir.

Azərbaycandan üzü qərbə doğru uzaqlaşsaq Gürcüstanla qarşılaşacağımız şübhəsizdir. Festivalda da gürcü filmi var idi, üstəlik həmin film əsas yarışmada mübarizə aparardı. Batumi Film Festivalının daxilində gerçəkləşən “Alternativ dalğa” film inkişaf müsabiqəsinə 2016-ci ildə seçilib və daha sonra filmə çevrilib. Bu inkişaf xəttinin özü də ciddi film festivalının olmasının vacibliyini vurğulayır. “Donuz” (Pig – ing.) adlanan film səhvən əsir düşən gəncin və onu ələ keçirən iki axmaq insanın macərasıdır. Absurd komediya səviyyəsinə çatan əsərdə Qafqaz ab-havası aşkar şəkildə duyulur. Gürcü gənclərinin problemlərini və özlərini tapmağa çalışmasını da gənc rejissor aydın şəkildə xarici tamaşaçıya çatdırır. Bəzən həddindən çox uzun olduğu hiss edilən səhnələrə, texniki problemlərə, kiçik büdcəyə baxmayaraq film özünü və məqsədini ifadə etməyi bacarır.

Festival ərzində bəyəndiyim filmlərdən biri türk rejissor Ali Vatanseverin “Saf” filmi idi. Türkiyənin yaşadığı mühacir krizini soyuqqanlı şəkildə göstərməyi bacaran rejissor, filmini insanlarıngörməyə öyrəşdikləri klişelərdən uzaq tutmağı bacarır. Filmdə suriyalı mühacirin vəziyyəti tamaşaçının görməyə öyrəşdiyi kimi deyil: O, məzlum, əzilən, yardıma ehtiyacı olan bir şəxsdən daha çox, mübariz, ailəsi üçün vuruşan və içinə düşdüyü çarəsiz vəziyyətdən can qurtarmağa çalışan şəxs kimi təsvir edilir. İstanbula həm türklərin, həm suriyalıların köçü, düşdükləri çarəsizlik, sosial bərabərsizlik və diskriminasiya kimi bir çox mövzular insanların taleləri fonunda diqqət çəkir. İnsan xarakterinin düşdüyü mühitdən və vəziyyətdən asılı olaraq dəyişməsi filmin əsas xəttinə çevrilir. Ali Vatanseverin iqtidara, insanlara, sosio-politik vəziyyətə dair müşahidələri filmin ümumi axarı daxilində düzgün formada çatdırılır.

Müəllifi Oqnyen Sviliçiç olan Xorvatiya istehsalı “Səs” (The voice –ing.) filmi 17 yaşında internata qoyulan bir oğlanın hekayəsidir. Xorvatiyada dini meyillərin artması, məktəb yaşlarından etibarən gənclərin dini qaydalarla böyüdülməsi və bunu kilsənin dəstəkləməsi filmdə qırmızı xəttdir. İdeya nə qədər maraqlı olsa da, filmin izləyiciyə çatdırmaq qabiliyyəti çox aşağıdır. Xarakterlərin daxili dünyası aydın olmur, dialoqlar qane etmir və belə olduqda film səthi qalır. Yeniyetmələrin dünyasına dair bol klişelərdən istifadə, finalın zəifliyi əsəri daha da aşağı çəkir. Rejissor xorvat cəmiyyətini narahat edən mövzuya toxunsa da, kino baxımından sinifdə qalır.

Bosniya və Herseqovina istehsalı Nermin Hamzagiçin “Bədirlənmiş ay” (Full moon –ing.) filmi yarışmada diqqət çəkənlər arasındaydı. Güclü aktyor oyunu, yaxşı quruluşçu operator işi və insanı daim gərginlikdə saxlaması filmin müsbət cəhətlərindəndir. Janr filmlərinə xas klişelərdən istifadə, yeni simvolizm qurmaq əvəzinə öyrəşdiyimiz simvolist strukturlar yeni heç nə vəd etmir. Bosniyanın ictimai həyatına dair bir çox məsələlər: korrupsiya, səfalət, qanunsuzluq, özbaşınalıq filmdə göstərilir. Bir gecədə baş verən müxtəlif hadisələr və bu hadisələrin düyünlənib açılması həddindən artıq hekayələrin üst-üstə düşməsi təəssüratı yaradır. Rejissor buna baxmayaraq bütün hekayələri həll edir. Finalda da gələcəyə dair ümidli baxdığını göstərir, lakin əvvəlcə bütün problemləri düzəltmək lazımdır.

Polşanın bu ilki Oskar namizədi “İsanın bədəni” (Corpus Christi –ing.) (Pasxa bayramından 60 gün sonra cümə axşamı qeyd edilən xristian dini bayramıdır) festivalın qapanış filmi idi. Mükafatlar sahibini tapdıqdan sonra göstərilən filmdə islahetmə düşərgəsindən balaca kəndə gedən və orada rahibliyə başlayan gəncin hekayəsi göstərilir. Dini həyatlarının mərkəzinə qoymuş insanların fanatizmə və radikallığa yönəlmələri, öz icmalarından bir şəxsi qovmaları və ölü bir şəxsin kənd qəbiristanlığında basdırılmaması filmin əsas xəttidir. Rejissor Yan Komasanın Venesiyada ajiotaja səbəb olan, Torontoda xeyli bəyənilən filmi Polşa cəmiyyətinin içinə düşdüyü vəziyyəti göstərir. Dövlət korrupsiyalaşıb, yaşlılar dini həyatlarının mərkəzinə qoyublar və gənclər də istər-istəməz yaşlılara boyun əyirlər. Dinlə yaxın əlaqəsi olmayan gəncin isə dini vəzləri, problemləri həll etmək yolları sanki arzulanan xristianlığı, daha doğrusu ideal xristianlığı simvolizə edir.

Bir-birindən maraqlı və əsasən ictimai-siyasi problemlərə fokuslanan filmlər arasında hansının ən yaxşı seçiləcəyini hər kəs həyəcanla gözləyirdi. Qalib Bolqarıstan istehsalı, rejissor Svetla Tsotsorkovanın “Bacı” (Sister – ing.) filmi seçildi. Turistlərdən satdığı gil suvenirlər müqabilində daha çox pul almaq üçün ailəsi haqqında müxtəlif yalanlar danışan Raynanın bu xasiyyəti film davam etdikcə ona problemlər yaradır. Bacısına yalan danışan, daha sonra bunu düzəltməyə çalışan Raynanın macərası, anası haqqında həqiqətləri öyrənməsi “yalan ayaq tutar, yeriməz” deyiminin kinohəllinə bənzəyir. Sentimental ab-havada yekunlaşan film bitdikdən sonra dərin bir iz buraxır. Bolqarıstan cəmiyyətində qadın olmağın, ələlxüsus dul bir qadın olmağın çətinlikləri, daim kişilərin təzyiqlərinə məruz qalması üç qadının hekayəsindən çox aydın şəkildə duyulur. Bəlkə də festivalda ən az ictimai-siyasi yükə sahib olan filmin qalib seçilməsi təsadüfi deyil. İnsan psixologiyasının dərinliklərinə nüfuz etmək, obrazları və xarakterləri dəqiq şəkildə yaratmaq və yaxşı bir əsərə çevirmək ən böyük məziyyətdir. Rejissor Svetla Tsotsorkovanın qadın olması səbəbilə qadın problemlərini daha yaxşı duyduğu, hiss etdiyi şübhəsizdir. Yaxşı filmlər baxımından bərəkətli olan 2019-cu ildə “Bacı” bəlkə də heç geniş kütlələrə çata bilməyəcək, yalnızca festivallarda göstəriləcək, lakin Bolqarıstan kinosunun uğurunu danmaq olmaz.

Ümumilikdə, Şərqi Avropa kinosu və onu ərsəyə gətirən rejissorlar əsasən ictimai məsələlərə yönəlirlər. Onları narahat edən mövzular dini radikallıq, yüksələn sağ populizm, dövlət qurumlarının, ksenofobiya, rasizm və başqa məqamlardır. Bu meyillər, hər nə qədər Şərqi Avropanın ən şərqi də olsaq, bizdə də müşahidə olunur. İctimai mövzuların bizim kinomuza gəlməsi, fərqli perspektivdən dəyərləndirilməsi, ən əsası isə insanların yaşadıqları problemlərin, insan faktoru unudulmadan, kinomuzda işıqlandırılması ümidi ilə…

Hacı Səfərov