Mübariz Mənsimov Oktay Gülalıyevin xəstəxana xərclərinə yardım edəcəyini açıqlayıb

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin sağlamlıq xərclərinin qarşılanması ilə bağlı başladılan kampaniyaya yardım edəcəyini bildirib.

Abzas xəbər verir ki, bu barədə biznesmen sosial media hesabından açıqlama yayıb. M.Mənsimov bildirib ki, əlindən gələn köməyi göstərməyə hazırdır.

“Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun”.

Həmçinin, iş adamı bildirib ki, gərək Azərbaycanda sığorta sistemi işləsin və vətəndaşlara sahib çıxılsın.

“Vətəndaşlara sahib çıxmaq lazımdır ki, köməyi başqalarında və başqa yerlərdə axtarmasınlar. Bir də ki, mən başa düşmürəm, nəyə görə hələ də Azərbaycanda sığorta sistemi işləmir. Özümüzü dünya miqyasında zənn edirik, amma vətəndaşlar hələ də sığortası olmadan yaşayır”.

Mübariz Mənsimov deyib ki, hər vətəndaşın sosial müdafiə haqqı olmalıdır, istər dövlətdə, istərsə də özəl şirkətdə calışmasından asılı olmayaraq.

“Və belə hadisələrdə yardım kimlərdənsə deyil, sığorta şirkətindən istənməlidir”, deyə iş adamı bildirib.