Paşinyan Qarabağ müharibəsi iştirakçısı olmuş daha bir generalı işdən uzaqlaşdırıb

General Movses Akopyan Nikol Paşinyan ilə birlikdə.

Dünən Ermənistan baş naziri Nikol Paşinyan ölkənin baş hərbi müfəttişi general Movses Akopyanı işdən azad edib. Bu haqda prezidentin mətbuat katibliyi xəbər verib.

Movses Akopyanın işdən çıxarılması tamamilə gözlənilməz və qəfil olub. Bundan əvvəl baş nazir Təhlükəsizlik şurası və Müdafiə Kollegiyasının iki dəfə iclasını keçirib.

Paşinyan Movses Akopyanla birlikdə onun birinci müavini Kamo Koçuntsu və müavini Vaçaqan Nersisyanı da işdən uzaqlaşdırıb. Paşinyan bu qərarını ordudakı köhnə nəsli vəzifələrdən uzaqlaşdırıb yeni nəsli irəliyə buraxmaqla bağlı məqsədiylə izah edib. O deyib ki, Aprel döyüşləri göstərdi ki, daha dəqiq hərəkət etmək üçün bizə daha gənc kadrlar lazımdır.

General Movses Akopyan.

Xatırladaq ki, Movses Akopyan Paşinyanın mübarizə apardığı Qarabağ klanının fəal üzvlərindən biridir. O Azərbaycanın Xocavənd rayonunda anadan olub. Qarabağ müharibəsində iştirak edib, mühüm əməliyyatlarda iştirak edib.

Müharibədən sonra Movses Akopyan “Qondarma Dağlıq Qarabağ Respublikasının” müdafiə naziri olub.

Paşinyanın Movses Akopyana əsas düşmənliyi onun 2008-ci ildə baş vermiş 1 mart hadisələri zamanı Qarabağdakı erməni hərbi birləşmələrini Ermənistandakı nümayişləri yatırtmaq üçün Ermənistana yeritməsi olub. Akopyan özü jurnalistlərə bu hadisəni təkzib etsə də, o “1 mart hadisələrinə” görə Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.

Həmin hadisələr zamanı Paşinyan özü də həbs olunmuşdu.

1 mart hadisələrinin istintaqı çərçivəsində keçmiş prezident Robert Köçəryan hazırda həbsdədir, digər keçmiş prezident Serj Sərkisyan da dindirilir.