ReAL növbədənkənar qurultaya gedir

Azər Qasımlı, İlqar Məmmədov və Erkin Qədirli (soldan sağa)

Respublika Alternativ Partiyası (ReAL) növbədənkənar qurultayla bağlı İdarə Heyətinin 5 üzvündən ibarət Təşkilat Komitəsi yaradıb. Partiyanın Ali Məclisi bu gün, noyabrın 3-də növbədənkənar qurultayla bağlı qərar qəbul edib.

Bu barədə Azadlıq Radiosuna partiyanın Ali Məclis başqanı Azər Qasımlı məlumat verib. O xatırladıb ki, sədr İlqar Məmmədov bu yaxınlarda partiyanın indiki təşkilat quruluşu barədə status yazmışdı ( həmin statusda İ. Məmmədov dəyişikliklər paketi təklif edəcəyini bildirirdi-red):

“Yeni nizamnamə də qurultayda qəbul oluna bilər. Çünki nizamnaməyə dəyişiklik yalnız qurultayda həyata keçirilə bilər. Bugünkü ( noyabrın 3-ü) məclis toplantısında növbədənkənar qurultaya getmək üçün iştirakçıların üçdə ikisinin səsinə ehtiyac vardı, bunu əldə etmək həddən artıq çətindir. Ona görə mən məclis başqanı olaraq hər bir məclis üzvündən xahiş etdim ki, sədrin təklifinə səs versinlər”.

Ancaq Azər Qasımlı özünün Təşkilat Komitəsində təmsil olunmayacağını söyləyir:

“İlkin versiyada dəyişikliklər təkliflərini bəyənmədim… Ancaq İlqar Məmmədov islahatlar aparmaq istəyirsə, ona kart-blanş verilməlidir”.

Azər Qasımlı qurultayın nə zaman keçiriləcəyi sualına konkret cavab verməyib:

“Bu barədə qərarı Təşkilat Komitəsi verəcək, yəqin ilin sonunda qurultay baş tutacaq”.

Hələlik, bu məsələ ilə bağlı İ.Məmmədovun özü ilə danışmaq mümkün olmayıb.

Xatırlatma

2009-cu ilin yanvar ayında bu təşkilat Respublikaçı Alternativ Hərəkatı kimi təsis edilib. Təşkilatın yaranmasının əsas səbəbi kimi Azərbaycanda “bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə” qoyulan Konstutsiya qadağasının referendum vasitəsilə ləğv olunması göstərilib.Yeni qurum bir sıra müxalifət partiyası kimi buna qarşı çıxıb.

2018-ci il aprelin 7-si və 8-də mərhələli şəkildə Real Alternativ Hərəkatı I təsis Qurultayını keçirərək ReAl Partiyasının yaradıldığını bəyan edib.