ReAl Partiyasının rəhbərliyindən daha iki nəfər istefa verib

“Bundan sonra qurulacaq sistem mənə yad olacaq. Dumanlı, verilən suallara tam aydın cavabı olmayan, yad olduğum bir yerdə mübarizə aparmaq insanları arxanca səsləmək üzərimə götürə bilməyəcəyim bir məsuliyyətdir”.

Bu sözləri ReAl İdarə Heyətinin üzvü, partiyanın insan resursları katibi Toğrul İsmayıl sosial şəbəkədəki açıqlamasında yazıb. O bildirib ki, bu fikirləri qəzəbini tam boğaraq mümkün soyuqqanlılıqla yazıb.

Toğrul İsmayıl açıqlamasında qeyd edib ki, İlqar Məmmədovun ictimai şəkildə struktur dəyişikliyi ilə bağlı yazdığı statusun mahiyətindəki dəyişikliyi bir gün qabaq eşidib və buna sərt etiraz edib.

İlqar Məmmədov məsuliyyəti öz üzərinə götürür?

“Ondan sonra Partiya məclisi iclasına qədər İlqar bəy bunu yenidən müzakirə etməyə lüzum belə görmədi. Halbuki, kollegial kimlik konsensus tələb edir, kompromis tələb edir. Mən də bu bir həftə ərzində düşünüb daha əvvəlki statusda yazdığım kimi mövqe qoymuşam”.

İdarə Heyəti üzvü deyib ki, o, həmin iclasa qədər REAL üzvləri qarşısında bütün öhdəliyini yerinə yetirib, atdığı hər bir addımın, dediyi hər bir sözün hesabatını verə bilər.

“Günün ən vacib sualı. Bəs bunları deyirsiniz niyə partiyanı qoyub gedirsiniz? Biz etiraz edib idarəetmə böhranı da yarada bilərdik. Bu heç kimə lazım deyildi. Çünki İlqar Məmmədov dəfələrlə vurğuladı ki, o bu sistemin seçkilərdə məsuliyyətini daşımayacaq. Mən də özümü nə maddi, nə də mənəvi olaraq bu məsuliyyətin altına girəcək qədər hazır hiss etmirəm”.

“Siyasətdə açıq oyun qaydaları olmalıdır”

T.İsmayılov bildirib ki, əgər İlqar Məmmədov yeni strukturu ilə bu məsuliyyətin altına girəcəksə qoy, REAL yoluna davam etsin.

“İdeya və dəyərlər adamlara bağlı olmamalıdır və ən səmimi arzumdur ki, seçkilərdə Cümhuriyyətçilər qələbə qazansınlar. Siyasətdə küslük olmaz. Bu zəiflərin işidir. Hər nə olsa da mənim REAL-la mənəvi bağım itməz”.

Toğrul İsmayılov açıqlamasında qeyd edib ki, siyasətdə açıq-aydın oyun qaydaları olmalıdır. O, yeni təklif olunan oyun qaydaları ilə razı deyil, buna görə də ‘masadan qalxır’.

“Özümü bu sistemdə görmürəm”

ReAl-dan digər istefa verən Partiya Məclisinin katibi İnara Manafova olub. O bildirib ki, ReAl onunçün həyatının bir parçası olub, qərarı vermək çətin oldu, amma özünü daha bu sistemdə görmür.

“ReAl-da üzvlüyümün 3 ili tamam oldu, pafoslu olacaq, amma mənim üçün ReAl gələcəyə ümidli baxış idi. Son hadisələrdən sonra o ümid məndə öldü və son məclis iclasında açıq-aşkar çox mətləblər şəxsən mənə aydın oldu”.

Məclis katibinin sözlərinə görə, İlqar Məmmədov partiyada bütün idarəçiliyi əlinə almaq istəyir, irəli sürdüyü islahatlar da sırf buna xidmət edir.

“Özünün sədrliyi ilə təşkilat komitəsi yaradır. Qurultay keçirir, qurultay necə keçiriləcək? Kimlərdən ibarət olacaq? Sayı nə qədər olacaq? Bu suallara dəqiq cavabı yoxdu. Təki öz dəstəkçilərini başına yığıb qurultay keçirib istədiklərini 100 faizlik nəticə ilə həyata keçirməsin”.

“Demək ki, heç bir halda partiyadan əl çəkmək fikriniz yoxdur”

İnara Manafova partiya sədrini sorğulayır ki, bəlkə 1 il müddətində heç bir məqsədinə nail ola bilməyəcək, o zaman necə 6 ildən sonranın xəyalını belə rahatlıqla qurur?

“1 il ‘deadline’ qoyur, burdan da deyir ki, heç kim prezident seçkilərində iştirakıma mane ola bilməz. Yaxşı, siz bəlkə 1 il müddətində heç bir məqsədinizə nail ola bilməyəcəksiniz, o zaman necə 6 ildən sonranın xəyalını belə rahatlıqla qurursunuz? Demək ki, heç bir halda partiyadan əl çəkmək fikriniz yoxdur”.

Partiya funksioneri bildirib ki, bu “islahat” çeviklikdən çox partiyada avtoritar rejimin qurulmasıdı, ki artıq buna çoxdan başlanılıb, lakin struktur bunu etməyə imkan vermirdi.

“Beləliklə, artıq neçə gündür verdiyim qərarla ‘İlqar Məmmədovun partiyası’ndan ayrılıram. Bu 3 ilimi heç nəyə dəyişməzdim”. 

ReAl-ın İdarə Heyətinin üzvü, partiyanın icra katibi Natiq Cəfərli isə istefalarla bağlı bildirib ki, REAL-a İlqara görə gələnlər sırağa gündən, Erkinə, Natiqə, Rəsula, Xalidə görə gələnlər dünəndən, Azərə görə gələnlər isə bu gündən getsinlər.

“REAL bu ölkənin indiki dönəminin (gələcəkdə daha yaxşıları mütləq olacaq) son şansı, dəyərləri, vizionu, aydın hədəfləri olan təşkilat, şəxsi uğur hekayəsi olan liderlərin partiyasıdır. REAL həm də yol açmaq üçün yarandı, sabah biz olmasaq da REAL olacaq – çünki şəxs üzərində qurulan təşkilat deyil və bunu ən çox da bu gün qapını çırpıb gedənlər bilirlər”.

N.Cəfərli bildirib ki, REAL həm də şəxsi maraqlarını, içiboş ambisiyalarını, inciklərini ümumi faydaya görə içinə gömməyi bacaran şəxsiyyətlərin təşkilatıdır.

Siyasi şouya çevirməmək

“REAL-ın təməl fəlsəfəsi kollektiv kimlikdi, həmişə də belə olacaq. Siyasətə gəlməyi öyrənmək kimi, getməyi də bacarmaq lazımdı, gedərkən də içdiyin qabın içinə tüpürməmək böyüklüyü də vacibdir”.

İcra katibi qeyd edib ki, zaman-zaman müxtəlif səbəblərə görə REAL-ın vitrinində olan sevimli, önəmli insanlar sıralarını tərk edib, amma hər biri partiyanın təməl fəlsəfəsinə sadiq insanlar olduğu üçün bunu şouya çevirməyiblər.

“Həmin insanları hamınız tanıyırsız, onlara bir daha təşəkkür edirəm və tezliklə onları yenidən “yuvada” görəcəyimizə ümid edirəm, hətta buna əminəm! REAL ölkə tarixində öz rolunu oynayıb, oynayır, oynayacaq da. Hədəf Cümhuriyyət – gerisi teferruat…”

Xatırlatma

ReAl Partiyasının sədri İlqar Məmmədov bir neçə gün əvvəl partiyanın strukturlarında islahat təşəbbüsü ilə çıxış edib. O, 125 birmandatlı dairənin hər birində yerli təşkilatlar yaratmağı təklif edib.

İ.Məmmədov Partiyanın İdarə Heyətini, Məclisini və Nəzarət-Reviziya komissiyasını ləğv etməyi, onların yerinə şərti olaraq Siyasi Komitə adlandırılan vahid struktur təsis etməyi təklif edir.

Onun komanda üzvlərinin sayı 10-15 nəfər, seçkilər dövründə isə 125 nəfərə qədər olmalıdır. Komitə qurultayda seçilir, seçkilər dövründə isə genişləndirilə bilər.

Partiya lideri hesab edir ki, sədri qurultay deyil, Siyasi Komitə seçməlidir.