Rusiya müxalifəti və Gürcüstan – Tengiz Ablotiya

Tengiz Ablotiya

Moskvadakı etirazlar mövzusu bu günlərdə Gürcüstanda nəinki kifayət qədər məşhurdur, hətta daha dəqiq desək, gündəmin özüdür. Anlaşılandır ki, tankları paytaxtımızdan 40 km uzaqlıqda yerləşən bir ölkədə baş verən istənilən proses bizim üçün prinsipial əhəmiyyət kəsb edir, onlara yönələn diqqət isə sadə maraq deyil, özünüqoruma instinktidir.

Moskva etirazlarına münasibət gürcü ictimai rəyinin özünəməxsusluğunu əyani şəkildə əks etdirir və bu da, necə deyərlər, gürcümərkəzli olmaqla ifadə olunur. Yəni, biz Rusiyadakı istənilən hadisəyə yerli prizmadan baxırıq. Hər bir rus siyasətçinin, hətta adi bir vətəndaşın belə öz ölkəsi üçün mümkün fayda və ya ziyanı sırf Gürcüstana münasibəti göz önünə alınaraq qiymətləndirilir. Eyni zamanda, gürcü probleminin, məsələn, Ukrayna problemindən fərqli olaraq, Rusiya siyasətində hədsiz cüzi yer tutmasına heç kim əhəmiyyət vermir. Bu məsələyə Rusiya müxalifətinin böyük əksəriyyəti ya ümumiyyətlə fikir bildirmir, ya da daha böyük ehtimalla, sadəcə olaraq, bu barədə heç bir fikrə malik deyillər.

Yazıq Navalnı 8 avqust 2008-ci ildə öz bloqunda bir sıra cəfəngiyyata yol vermişdi. Bunun üzərindən 11 il keçib, o, hətta bir neçə dəfə bunu emosional böhranda yazdığını izah edib, o vaxtdan bəri gürcü mövzusuna bir dəfə də olsun qayıtmayıb və demək olar ki, heç buna əhəmiyyət də vermir. Lakin qatı gürcü antivatnikləri onu artıq gizli Putinçilər siyahısına salıblar.

Gürcüstanda ən geniş yayılmış mövqe belədir: bütün rus siyasətçilər imperialistdir və hakimiyyətə gəldikləri təqdirdə, Putinin etdiklərini edəcəklər. Lap tutaq ki, bütün ruslar imperialistdirlər, lakin gəlin, onlara bir parça kabab satmazdan əvvəl, onlardan Abxaziya və Cənubi Osetiyaya münasibətlərini, bu ərazilər barədə nə düşündüklərini soruşaq.

Cavab bəllidir: böyük əksəriyyət ümumiyyətlə heç nə düşünmür. Əgər bu barədə eşidiblər və hətta xatırlayırlarsa bu artıq böyük üstünlükdür. Bu, kiçik ölkə sindromudur. 3,7 milyon əhalisi olan bir ölkə üçün vacib olan problemlər, 145 milyonun yaşadığı ölkə üçün heç bir əhəmiyyət kəsb etmir, onlar sadəcə olaraq, bunu fərq etmirlər və buna da tam haqları var.

Rusiya müxalifəti diqqətini ruslar üçün daha böyük əhəmiyyətə malik – korrupsiya, əvəzlənməyən iqtidar, dövlət büdcəsinin sui-istifadəsi, müharibələrdə iştirak və s.. kimi daha çox səsgətirən və nəzərəçarpan məsələlərə yönəldib.

Yeri gəlmişkən, bir məsələyə diqqət yetirək: Rusiya müxalifətçiləri Gürcüstanla müqayisədə Ukraynaya daha çox diqqət ayırırlar və Krım və Donbasdakı əməliyyatlarla bağlı Putini daha kəskin və davamlı tənqid edirlər. Çünki Ukrayna ruslar üçün daha vacib məsələdir.

Nəhayət ki, dünyaya 15 illik “Mersedes” imzin şüşəsindən baxmağı dayandırmağın və hətta bizimlə birbaşa əlaqəsi olmasa belə, Rusiyada baş verən hər hansı bir dəyişikliyin, bizim üçün böyük əhəmiyyət kəsb etdiyini anlamağın vaxtı gəlib çatmışdır.

Bu və ya digər rus müxalifətçi Rusiyanın xarici siyasəti haqqında nə düşünür, onun hər cür şübhəli rejimin qorunub saxlanılması üçün sərf olunan əsassız xərclərə münasibəti necədir, öz şəxsi kaprizləri ucbatından bütün sivil dünyanı qarşısına almağa nə qədər hazırdır – bütün bu sualların cavabları Cənubi Osetiya və Abxaziya məsələsində mövqe bildirməkdən daha vacibdir.

Bütün rus siyasətçilərin imperialist olduqlarını və hamısının Putinin əhvalına uyğun hərəkət edəcəklərini düşünmək tamamilə yanlışdır. Əlbəttə, əksər ruslar imperialistdir və bu, göz ardı ediləməyəcək bir reallıqdır.

Lakin bununla yanaşı hamını eyni sıraya qoymaq və imperialistlərin də fərqli olduğunu qəbul etməmək düzgün deyil. Məsələn, Rusiyada Putini liberal və Qərbin cəsusu hesab edən, ukraynalıları kifayət qədər fəallıqla öldürmədiyi və Ukraynanın bütün şərqini Rusiyaya birləşdirmədiyi üçün ona nifrət edən imperialist bir kəsim var. Və eyni zamanda keçmiş, nəhəng hökmranlıq dövrü üçün nostaljik hisslər bəsləyən, amma ətrafındakı hər şeyi əzmək və parçalamaq istəyində olmayan ruslar da var. Formal olaraq, hamısı imperialistdirlər, əslində isə ortaq cəhətləri çox azdır.

İmperialist düşüncə tərzinin də, digərləri kimi, özünəməxsus dərəcələri və çeşidləri vardır. İmperiya təfəkkürünün vahid və statik olduğunu hesab etmək, bütün gürcü millətçilərinin eyni olduğunu düşünməkdən daha pis sadələşdirmədir.

Rus müxalifətçiləri şübhəsiz ki, imperialistdirlər, lakin daha yüngül formada. Bu, imperializmin danışıqlara gedilə biləcək və Kosovanın tanınmasına görə Qərbdən qisas almaq üçün Gürcüstanda müharibə başlatmayacaq növüdür.

İmperializmin rus müxalifətçiləri versiyası razılığa gəlinə biləndir. Əlbəttə ki, sabah bir möcüzə baş versə və Rusiyada mövcud müxalifət iqtidara gəlsə, bu, ertəsi gün Abxaziya və Osetiyanın hədiyyə bağlamasında bizə qaytarılacağı demək deyil. Hətta çox güman ki, bu əraziləri güc yolu ilə geri qaytarmaq cəhdlərinin də qarşısını almağa çalışacaqlar.

Lakin eyni zamanda tama milə aydındır ki, Putinsiz Rusiya şərtləri altında abxazlar və osetinlər indiki qədər mütləq və qeyd-şərtsiz dəstəkdən yararlana bilməyəcəklər. “Biz sizi təslim etmərik, amma əbədiyyən də dəstəkləyə bilməyəcəyik. Gedin, gürcülərlə konkret bir məsələdə razılığa gəlin” – bu hipotetik demokratik Rusiyanın separatçı respublikalara əsas mesajı olacaqdır. Əlbəttə ki, mövqe imperialdır, lakin sərt, güzəştsiz və təktərəfli putinçiliklə müqayisədə tərəqqi çox böyükdür.

Və “bütün ərazilər liberal Yeltsinin vaxtında əlimizdən alındı” söhbətlərinə artıq son qoymaq lazımdır. Əvvəla, Yeltsin əslində, heç vaxt, heç bir yöndən liberal olmayıb, demokratik dəyərlər və qanunun aliliyi də vecinə deyildi – tipik boyalı, lakin xarizmatik partokart. İkincisi, Yeltsin rus elitasının aqressiv-davakar hissəsini nəzarətdə saxlaya bilmirdi, ümumiyyətlə isə bayramdan-bayrama ayıq olurdu.

Rusiyanın qanunun aliliyi, uzaqgörənlik və Qərblə münasibətlərin yoluna qoyulması istiqamətində möhkəmlənməsi, Rusiyanın modernləşdirilməsi üçün edilən istənilən cəhd bilaixtiyar, postsovet məkanında Moskvanın mövqeyini dəyişəcəkdir. Bu, sadə məntiqi qanunauyğunluqdur: əgər “A” demisənsə, mütləq “B” də deyəcəksən, hüquqi dövlət yaradıb, Qərblə tərəfdaşlıq qurmaq və eyni zamanda da heç nə olmamış kimi, münaqişə tərəflərindən yalnız birini dəstəkləməyə davam etmək mümkün deyil.

Bütün imperialistliyinə rəğmən, yeni Rus elitası Qərb klubundakı yerini qorumaq istəyirsə, beynəlxalq qaydalara uyğun oynamağa məcbur qalacaq. Əks təqdirdə, yenidən sonu olmayan Putin yolu ilə getməli olacaqlar. İstənilən modernləşmə və demokratikləşmə, Rusiyanın xarici dünyaya açılma səviyyəsində istənilən artım bizim xeyrimizədir. Hər nə qədər Navalnıy 2008-ci ilin avqustunda gürcüləri “gəmiricilər” adlandırsa da, hər nə qədər rus müxalifəti bizim problemlərimizə səssiz qalsa da, yenə də Putin qədər deyillər.

Tengiz Ablotiya

Exo Kavkaza