“Yeganə dəyişiklik odur ki, hakimiyyət içərisində hakimiyyət qurulur”

Qubad İbadoğlu

“Azərbaycanda hakim siyasi qüvvənin bütün sahələrdə dominantlığı belə bir dəyərləndirməni mənasız edir, çünki gedən də, gələn də eyni siyasi mənsubiyyətə malik olanlardır”.

Bu fikirləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu son kadr dəyişiklikləri ilə bağlı sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, müntəzəm kadr dəyişikliklərinin baş verdiyi sivil ölkələrdə belə hallar idarəetmədə təmsilçilik baxımından diqqətə gətirilir, siyasi qüvvələr arasından balansa təsir müstəvisində qiymətləndirilir.

“Azərbaycanda hakim siyasi qüvvənin bütün sahələrdə dominatlığı belə bir dəyərləndirməni mənasız edir, çünki gedən də, gələn də eyni siyasi mənsubiyyətə malik olanlardır”.

Bəs dəyişən nədir?

Qubad İbadoğlunun fikrincə, yeganə dəyişiklik odur ki, hakimiyyət içərisində hakimiyyət qurulur:

“Eyni siyasi mənsubiyyətə malik, lakin müxtəlif daxili qüvvələrə xidmət edənlər arasında tarazlıq bir qrupun xeyrinə pozulur. Bu zaman yaş amili, xaricdə təhsil və digər göstəricilər önə çəkilməklə aparılan təbliğat da bütövlükdə dövlətin deyil, hakimiyyət içərisində hakimiyyətini möhkəmlədən qrupun üstünlüklərinin təqdimatına xidmət edir”.

İqtisadşı yazır ki, birmənalı şəkildə baş verənləri islahat adlandrmaq olmaz: “Ən yaxşı halda baş verənləri kadr yerdəyişiklikləri (dəyişiklikləri də yox) və idarəedici institutların fərdi maraqlar əsasında təmərküzləşməsi adlandırmaq mümkündür”.

Bəs islahat nədir?

İqtisadçının fikrinə görə, islahat düzgün olmayan, korrupsiyalaşmış, xalqı təmin etməyən sistemin dəyişməsi və ya düzəldilməsidir.

“İslahat davranışların dəyişməsi, hüquqların genişləndirilməsi, haqların qorunmasının təkmil sisteminin formalaşması, hesabatlılığın və şəffaflığın artması, qərarların qəbulunda ictimai iştirakçılığın genişləndirilməsidir”.

Qubad İbadoğlu bildirir ki, Azərbaycan korrupsiya reytinqində son 1 ildə 30 pillə geriləyərək, dünyanın ən çox korrupsiyalaşmış 122-ci ölkəsindən 152-ci olub.

Bəs Azərbaycanda bunlar baş verirmi?

“Azərbaycan “Biznesin gedişi” reytinqində ötənilki mövqeyindən 9 pillə geriləyərək, 34-cü yerdə qərarlaşıb. Azərbaycan iqtisadi artım tempinə görə MDB-nin əksər dövlətləri ilə müqayisədə geri qalır, autsayderlər siyahısındadır. Azərbaycanda ÜDM-də qeyri-neft sektorunun gözlənilən payi (65,8 faiz) ilə büdcədə qeyri-resurs gəlirlərinin xüsusi çəkisi (43 faiz) arasında mütənasiblik yoxdur”.

Q.İbadoğlu deyir ki, bu ilin 8 ayında qeyri-neft ixracatı 1 milyard 277 milyon 400 min dollar təşkil edib ki, bu da, o deməkdir ki, orta aylıq ixrac 160 milyon dollara belə çatmır.

Davranışlara, şəffaflığa və hesabatlılığa gəlincə, iqtisadçı bildirib ki, korrupsiya yenə də qərarların qəbulunda əsas rol oynayır və davranışları korlayır.

“Kadr dəyişikliklərində nepotizm yenə də başlıca meyarlardan biridir”

“Korrupsiya yenə də qərarların qəbulunda əsas rol oynayır və davranışları korlayır. Məsələn, regionlardan gələn məlumata görə, bir tərəfdən özünüməşğuluq proqramında sosial müfəttişlərin qiymətini şişirdib, ev təsərrüfatlarına “sırıyır”, digər tərəfdən də ailələr aldığı mal-qaranı sonradan satıb, əldə etdikləri vəsaiti ya istehlaka xərcləyir, ya da həmin pulu da götürüb ölkəni tərk edirlər.

İkincisi, son kadr dəyişikliklərində nepotizmi (qohumluq) yenə də başlıca meyarlardan birinə çevrilib. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərinin kürəkəni Yevlax şəhərinə icra başçısı təyin olunub. Baş nazir təyinatında hakim ailəyə yaxınlıq əsas rol oynayıb”.

Hərəkat rəhbəri deyir ki, ölkədə insanların haqları daha kütləvi və kobud şəkildə pozulur, əhalinin Bakı şəhərinin mərkəzi rayonlarının hüduqlarında sərbəst toplaşma azadlığı təmin olunmur, məhkəmələr yenə sifarişlər əsasında siyasi həbslər həyata keçirir.

“İslahatların nəticəsi mütləq insanların həyatında hiss olunmalıdır”

“İnhisarçı şirkətlərin diktə etdiyi qiymət bahalaşması sosial sahədə aparılan də tədbirlərin təsirini azaldır, yaşam şərtləri getdikcə pisləşir, yoxsulluq və işsizlik artır, ölkədən əmək miqrasiyası çoxalır. Dövlətin sahib olduğu və ictimaiyyətə açıqlanması qanunda nəzərdə tutulan informasiyalara çıxış imkanları məhdudlaşır. Məsələn, ARDNF, Təhsil Nazirliyi, “Azərsu”, “Azərbaycan Dəmir Yolları” neft pullarının xərclənməsi ilə bağlı ünvanladığım informasiya sorğularının heç birinə cavab vermir”.

Onun sözlərinə görə, halbuki, “islahat”lar başlamamışdan əvvəl xüsusilə də ARDNF-dən informasiya almaq sahəsində heç vaxt problemlə üzləşməmişdi.

“Büdcənin parlament müzakirəsi gecikdirilir, nə parlament, nə də hökumət büdcə dinləmələri keçirmir, ən azı 5 milyard manat olan investisiya büdcəsinin nə funksional, nə iqtisadi və nə də inzibati təsnifatı aparılmır və açıqlanmır”, deyə iqtisadçı bildirib.

Qubad İbadoğlu hesab edir ki, islahatların nəticəsi mütləq insanların həyatının keyfiyyətində hiss olunmalıdır.