Yeni Sudan höküməti Əl-Bəşir diktaturasının bütün izlərini silmək üçün qanun qəbul edib

Sudanın keçmiş diktatoru Ömər Əl-Bəşir məhkəmədəykən.

Sudan Suverenlik Şurası ilə hökümət, devrilmiş prezident Ömər Əl-Bəşirin hökümətinin izlərinin tamamilə silinməsini hədəfləyən yeni qanunu qəbul edib.

Sudan dövlət televiziyasının xəbərinə görə Suverenlik Şurası ilə nazirlər kabineti üzvləri bir araya gələrək “keçmiş rejimin izlərini silmək”lə bağlı yekdil qərar verdi.

Yeni qanuna görə keçmiş Sudan prezidenyinin partiyası olan Milli Konqres, sabiq rejimin bütün qurum və quruluşları ləğv edilib, mülkiyyətləri müsadirə ediləcək.

Sudanın indiki prezidenti Abdullah Hamduk öz facebook hesabından etdiyi açıqlamada bildirib ki, bu qərar “intiqam qərarı” deyil, əksinə ədalətin yerini alması, xalqın ləyaqətinin və var-dövlətinin qorunması üçün bir addımdır.

Sudanda parlament hələ qurulmadığı üçün qanun layihələri Suverenlik Şurası ilə nazirlər kabinetinin təsdiqindən sonra qüvvəyə minir.

Sudan Həmkarlar Təşkilatları Birliyi bu qanunun bir qədər gec qəbul olunmasına baxmayaraq bu qanun Sudan inqilabının hədəflərinin gerçəkləşməsi, sivil, demokratik bir dövlətin inşası yolunda böyük və önəmli bir addım oldu – deyə bəyanat yayıb.

Sudan höküməti keçən həftə Əl-Bəşirlə əlaqələri olan 24 qurumun fəaliyyətinin dayandırılması, ölkədəki və ölkə xaricindəki mülklərinə həbs qoyulması qərarını vermişdi.

Sudanda 2018-ci ilin dekabrında bahalığa etiraz edən xalqın mitinqləri qısa müddətdə rejimin əleyhinə ölkə boyu etirazlara səbəb olmuş, 2019-cu ilin 11 aprelində Sudan diktatoru Ömər Əl-Bəşirin 30 illik hakimiyyəti sona çatmış, avqustun 21-də hərbi-sivil keçici hökümət hakimiyyətə gəlib.