Əhməd Davudoğlu iqtidara rəqib olacaq yeni partiyasını elan edib

Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf partiyasından istefa verən keçmiş baş nazir Əhməd Davudoğlu yaratdığı “Gələcək Partiyasının” qeydə alınmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edildiyini bildirib.

Davudoğlu bu gün Ankaranın Bilkent mehmanxanasında yaratdığı “Gələcək Partiyası”nın qurucularını ictimaiyyətə tanıdıb.

O deyib ki, hakim AKP də 2001-ci ildə 74 qurucu üzvlə birgə Bilkent mehmanxanasının konfrans salonunda qurulub.

Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı isə belədir: “Bizim bir gələcəyimiz var”.

Partiyanın tanıdılması toplantısında çıxış edən sədr Ə.Davudoğlu deyib: “Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik. Üz turşutmağa deyil, təbəssüm göstərməyə gəlmişik. Hazırda bizi bir-birimizdən ayıran deyil, birləşdirən siyasət barədə danışmalıyıq”.

Xatırladaq ki, 1959-cu ilin fevralın 26-da anadan olmuş Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. 2014-2016-cı illərdə hakim Ədalət və İnkişaf Partiyasınn sədri olub. 2016-cı ilin mayın 22-də baş nazir vəzifəsindən istefa verib.

O, 2019-cu ilin sentyabrın 13-də Ədalət və İnkişaf Partiyası üzvlüyündən çıxıb.