Erməni fondunun rəhbəri pulları qumara xərclədi, diaspora ianələri kəsdi

Noyabrın 29-da bütün ermənilərin fondu olan “Hayastan” növbəti dəfə telemarafon keçirərək ölkə üçün iyanə yığıb. Amma bu dəfə bundan öncə 22 dəfə keçirilmiş telemarafonlarla müqayisədə qat-qat az, cəmi 9 milyon dollar pul yığılıb.

Müqayisə üçün deyək ki, keçən il 11 milyon, 2017-ci ildə 12 milyon dollar pul yığılmışdı.

Bir çox erməni ekspert və şərhçilərin fikrincə ianələrin belə az yığılmasının səbəbi “Hayastan” fondunun keçmiş rəhbərliyinin adı ilə bağlıdır. Belə ki, 2019-cu ildə fondun rəhbəri Ara Vardanyan vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs olunub.

Vardanyan həbs olunarkən fonddan götürdüyü 55 min dolları qumara xərclədiyini etiraf edib.

Fondu Ter-Petrosyan yaratmışdı, hələ də işləyir

Ümumerməni fondu “Hayastan” 1992-ci ildə SSRİ-nin dağılmasından sonra 1992-ci ildə Ermənistanın o dövrkü prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb.

Fondun əsas hədəfi dünya ermənilərini Ermənistan və Dağlıq Qarabağın inkişafı üçün ianə toplamağa vadar etmək olub.

Telemarafon ilk dəfə 1996-cı ildə Los-Ancelesdə yayımlanıb. Marafonlarla yığılan pullarla müxtəlif miqyaslı proqramlar həyata keçirilir. Məsəlçün yollar çəkilir, məktəblər, bağçalar, xəstəxanalar, su və qaz xətləri tikilir, sosial çətinliyi olan ailələrə yardımlar edilir.

Fonda ianə vermək üçün ermənilər müxtəlif ölkələrdə canlı yayımlanan telemarafona birbaşa da qoşula bilər. Yaxud da xeyriyyə gecələrində, konsertlərində və sərgilərində ianə verə bilərlər. Həmçinin, fonda poçt və sms vasitəsilə, ya da məqsədli investisyalarla da pul ödəmək olar.

Fond ətrafında qalmaqallar

“Hayastan” fondunun direktoru Ara Vardanyan 2019-cu ilin yayında həbs olunub. O, ilkin dindirmə zamanı fondun adına verilmiş bank kartını şəxsi məqsədlə istifadə etdiyini və ordan 55000 dollar götürdüyünü boynun alıb. Ən maraqlısı isə odur ki, Vardanyan fondun pullarını şəxsi ehtiyacları üçün yox onlayn kazinoda xərcləyib.

Vardanyanın həbsi haqda xəbər iyulun 3-də çıxıb. Ancaq bir neçə gün sonra o 1 milyon erməni dramı girov müqabilində azad edilib.

Vardanyanın fonda məxsus pulları qumara xərcləməsini boynuna almasına baxmayaraq, onun vəkili Vardanyanın bu hərəkətlərinə haqq qazandırıb və deyib ki, Vardanyan xərclədiyi pulları “vaxtında” yenidən fonda qaytarıb.

“Vardanyan fondun pulunu nə mənimsəməyib, nə də xərcləməyib. O, fonda aid kredit kartından istifadə edərək şəxsi ehtiyacları üçün pul xərcləyib. Sonra isə bu pulu fonda öz vəsaitləri ilə qaytarıb”, – deyə Vardanyanın vəkili Ervand Varosyan öz facebook hesabında yazıb.

Vəkilin sözlərinə görə, nə bank, nə də fond Vardanyanın hərəkətlərindən əziyyət çəkməyib. Dünya ermənilərinin Ermənistan üçün yığdığı pullar isə fondun rəhbərinin şəxsi ehtiyacları üçün yox, birbaşa təyinatı üzrə xərclənib.

Paşinyan qalmaqala reaksiya verib

Ermənistanın baş nazirir Nikol Paşinyan da fonddakı korrupsiya hallarına reaksiya verib. O öz facebook hesabından yazıb ki, “Hayastan” fondunda aparılmış işlərdən sonra erməni diasporasının Ermənistana güvəni daha da artıb.

Paşinyan həmçinin telemarafonda canlı yayım zamanı erməni diasporunun üç məşhur üzvü realiti-şou ulduzu Kim Kardaşyan, rok-müğənni Serj Tankyan və Reddit saytının yaradıcısı Aleksis Ohanyana çağırış edib.