TANAP qaz kəmərinin açılışında Əliyev, Ərdoğan və Qaxariya iştirak edib

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP (Transanadolu qaz kəməri) qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Rəsmi məlumata görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan baş naziri Qaxariya iştirak edib.

Prezident İlham Əliyev qeyd edib ki, TANAP layihəsi özündə 7 ölkəni birləşdirən “Cənub” qaz dəhlizinin bir hissəsidir.

Əliyev xatırladıb ki, TANAP-ın həyata keçirilməsində əsas texniki və maliyyə yükü Azərbaycan və Türkiyənin üzərinə düşüb.

İki ölkə tərəfindən reallaşan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlaması TANAP-a yol açıb. Bütün bu layihələr dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ın TAP (Transadriatik qaz kəməri) ilə birləşdirlməsinin və beləliklə Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət daşıyan “Cənub” qaz dəhlizinin tam şəkildə reallaşmasının vacibliyini qeyd edib.

Türkiyə prezidenti Asiya ilə Avropanı birləşdirən bu qlobal layihənin reallaşmasına görə Azərbaycanın dövlət başçısına öz təşəkkürünü bildirib.

“Cənub” qaz dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq.

TANAP-ın gücü ildə 16 mlrd. kubmetrə yaxındır. 6 mlrd.-a yaxın Türkiyəyə nəql edilir, daha 10 mlrd. isə Avropaya. Perspektivdə “Cənub” qaz dəhlizi öncə ildə 24 mlrd., sonra isə 31 mlrd. kubmetrədək genişləndirilə bilər.

TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir.

TANAP Türkiyə-Gürcüstan sərhəddində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhəddində isə TAP qaz boru kəmərinə birləşib.

TANAP-ın “Enerjinin İpək yolu” adlandırılan birinci fazası 2018-ci il iyunun 12-də istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli həmin il iyunun 30-da başlayıb.

TANAP-ın inşasına 6,5 mlrd. dollar investisiya qoyulub.