ABŞ bu ölkəyə uşaq doğmağa gələn analara viza vermə şərtlərini sərtləşdirir

ABŞ başqa ölkələrin vətəndaşları olan hamilə qadınlara viza vermə qaydalarını sərtləşdirir. Bu haqda yanvarın 23-də ABŞ dövlət departamenti bəyan edib. Bəyanatda deyilir ki, ən yaxın zamanlarda məqsədli şəkildə ABŞ-a uşaq doğmaq üçün gələn qadınlara viza vermə qaydaları sərtləşdiriləcək.

Bununla bərabər departament heç də bütün hamilə qadınlara deyil, ABŞ-a orda uşaq doğmaq məqsədiylə səyahət edən qadınlara məhdudiyyət tətbiq edəcək. Bu yolla hökümət vergi ödəyicilərini “doğum turizmin”in yaratdığı xərclərdən xilas edəcək.

Ancaq ABŞ-da doğulan uşaqlara ABŞ vətəndaşlığının verilməsi praktikası yenə də qanunda qalacaq. 2019-cu ilin avqust ayında ABŞ prezidenti Donald Tramp bu praktikanı ləğv etmək üçün çalışacağını da bildirmişdi.