AŞPA-nın media üzrə məruzəçisi: “Azərbaycan hakimiyyəti mühakimə olunmuş jurnalistləri dərhal azad etməlidir”

Yanvarın 28-də AŞPA-da qəbul olunan “Avropada media və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı hesabat Azərbaycanda mətbuatın vəziyyətinə müsbət təsir göstərməlidir. Bu fikri AŞPA-nın media azadlığı üzrə yeni məruzəçisi, avstriyalı deputat Stefan Şennak Turan-a müsahibəsində söyləyib.

“Mən müsbət dəyişikliklərə ümid edirəm, bunlar lazımdır, çünki Azərbaycandakı vəziyyət ideal deyil”,  – o  deyib.

“Vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək lazımdır?” sualının cavabında Ş.Şennak deyib ki, jurnalistləri tənqidə görə həbsə salan qanunları ləğv etmək lazımdır.

“Bu, onların qanuni hüquqlarıdır və jurnalistlərin sərbəst işləməsi, öz  araşdırmaları barədə ictimaiyyəti məlumatlandırması çox vacibdir”,  – deputat vurğulayıb.

“Şennak media üzrə məruzəçi kimi Azərbaycana nə zaman səfər etməyi və ölkədəki mövcud vəziyyəti qiymətləndirməyi planlaşdırır?” Bu sualın cavabında  məruzəçi deyib ki, o, artıq Avropa Şurasının Azərbaycan üzrə məruzəçisidir və hər məruzəsində ölkədə mətbuatın və jurnalistlərin vəziyyətini qiymətləndirir.

“Ancaq bundan sonra həm də mətbuat azadlığı üzrə məruzəçiyəm. Buna görə də indi mətbuat və jurnalist azadlığı məsələlərinə xüsusi diqqət yetirəcəyəm. İlk növbədə bu, Azərbaycanda həbsdə olan jurnalistlərə aiddir. Sizin ölkəniz mühakimə olunmuş jurnalistlərin sayına görə Avropa Şurasının liderlərindən biridir”, – Ş.Şennak deyib.

Azərbaycan hakimiyyəti deyir ki, KİV azadlığı sahəsində öhdəliklərini yerinə yetirir.  Bununla razısınızmı? Məruzəçi bu suala qısaca cavab verib:“Əlbəttə ki, xeyr”.

“Tamamilə aydındır ki, hakimiyyət öz öhdəliklərini yerinə yetirmir. Sizin hakimiyyət və hüquq- mühafizə orqanları başa düşmürlər ki, fikrin ifadə olunmasının qarşısını almaq olmaz. Yanvarın 28-də qəbul edilmiş hesabatda xüsusilə vurğulanıb ki, Azərbaycan araşdırmaçı-jurnalistlərin işinə maneəçilik törətməməlidir, onlar sərbəst və təhlükə olmadan işləməlidir”.

Azərbaycanda vəziyyəti yaxşılaşdırmaq üçün beynəlxalq təşkilatlar hansı addımları atmalıdır? Bu sualın cavabında  Şennak deyib ki, Avropa Şurası Rusiya, Ukrayna, Bolqarıstan, Slovakiya, Malta, Türkiyə və Azərbaycanda öldürülən və mühakimə olunan jurnalistlərin problemləri ilə məşğul olur. Sizin ölkə üçün yaxşılaşma mühakimə edilmiş jurnalistlərin və blogerlərin dərhal azadlığa buraxılması olardı. Avropa Şurası məhz buna nail olmağa çalışacaq”, –Ştefan Şennak vurğulayıb.