AZAL koronavirus epidemiyasına görə Çinə uçuşları bir aylığına dayandırıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) hər il olduğu kimi bu il də Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirdiyi uçuşları müvəqqəti dayandıracaq.

AZAL-ın yaydığı məlumata görə, fasiləyə səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir. Odur ki, martın 8-nə qədər Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həyata keçirilməyəcək.

Ötən ilin dekabrından Çinin Vuhan şəhərində meydana çıxan ölümcül koronavirus (2019-nCoV) sürətlə dünyaya yayılmaqda davam edir. Artıq Moskvada 8 nəfərin ilkin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Rəsmi məlumatlara görə, virusa yoluxma nəticəsində Çində ən azı 80 nəfər ölüb. Təxminən 2000 nəfər isə ölümlə nəticələ bilən virusa yoluxub ki, onlardan 300 nəfərinin vəziyyəti kritikdir. Çindən başqa ABŞ və Fransa da daxil olmaqla 10 ölkədə koronavirusa yoluxma halları qeydə alınıb.

Çin prezidenti Xi Jinping sürətlə yayılan virusun daha çox insanın həyatını itirməsi və əlavə yoluxmalarla əlaqədar ölkədəki vəziyyəti “ağır” adlandırıb. Çinin ağır vəziyyətlə üzləşdiyini deyən prezident əhalini sakitləşdirməyə cəhd edib, “döyüşdə mütləq qalib gələ biləcəyini” söyləyib. Bildirib ki, virusun yayılmasının qarşısının alınması məqsədilə çox sayda şəhərlərə giriş və çıxış bağlanıb.

Koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkənin Səyahət Xidmətləri Birliyi turizm agentliklərinə bütün qrup turları dayandırmağı tövsiyə edib.

Azərbaycanın səhiyyə rəsmilərinə inansaq, hələ ki, bu ölümcül virus ölkəmizə gəlib çatmayıb. Lakin Çinlə Azərbaycan arasında gediş-gəliş var, üstəlik Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Ekspertlər ölümcül koronavirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcəyini ehtimal edirlər. Belə ki, ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər.