İctimai rəyin gücü: supergüclərin ən böyük əngəli – İlkin Rüstəmzadə

7 dekabr 1941-ci il səhər saat 6:08-də Yaponiyanın Akagi təyyarədaşıyan gəmisindən havalanan qırıcı və bombardımançı təyyarələr Perl Harbordakı amerikan hərbi dəniz bazasına hücum edir.

2400-dən artıq amerikalının ölümünə səbəb olan bu hücumdan bir gün sonra ABŞ Konqresi prezident Ruzveltin “Yaponiya bu hücumun cavabını ödəyəcək” nitqinin müşayiəti ilə tam yekdilliklə Yaponiyaya müharibə edilməsinə qərar verir.

Bunun ardınca Almaniyanın ABŞ-a müharibə elan etməsilə Almaniyanın Avropada, Yaponiyanın uzaq şərqdə apardığı müharibə qlobal müharibəyə çevrildi.

Yaponiya müharibə vəziyyətində olmadığı ABŞ-a niyə hücum etmişdi? Və ən əsası bu hücumun qlobal nəticəsi nə oldu?

Həmişə qeyd etdiyim kimi, tarixdə baş verənlər bu gün üçün mütləq oryentir olmasa da prosesləri müqayisəli şəkildə öyrənə bilmək və baş verəndən daha yaxşı nəticə çıxarmaq üçün unikal pəncərə təqdim edir.

Xüsusilə, ABŞ prezidenti Donald Tramp 1 avqust 1945-ci ildə, atom bombaları atılmazdan bir həftə əvvəl prezident Trumenin Yaponiyanı təhdid etdiyi “sərt və sürətli bir məhvolma” ifadəsini olduğu kimi səsləndirərək İranı təhdid etdikdən, İran da ABŞ bazalarını vurandan (bu baş verənin razılaşdırılmış ssenari olmasını istisna etmədən) sonra tarixin bu hissəsinə azacıq nəzər salmaq heç də pis olmaz.

Biz həmin dönəmdən kiçik bir hissəni diqqətlə izləyib, bu gün ABŞ və İran arasında baş verən gərginliklərlə bağlı bəlirli bir fikir sahibi ola bilərik. Müqayisə obyektləri miqyas və güc baxımından fərqli olsa da, düşünürəm ki, tarixdə baş vermiş hadisələrin qısa təhlili faydasız olmayacaq.

İkinci Dünya müharibəsindən əvvəl ABŞ İngiltərənin onu daha bir dünya müharibəsinə çəkib sala biləcəyindən ehtiyatlanan, müharibə əleyhdarı Konqresin qanunvericilik fəaliyyəti nəticəsində 136 min nəfərlik kiçik ordusu olan, hərbi cəhətdən ambissiyasız bir dövlət idi. Bir-birinin ardınca qəbul olunmuş neytrallıq aktları, xüsusilə, Hitlerin Reyn silahsızlandırılmış bölgəsinə marşından sonra qəbul olunan 3-cü və müharibənin bir addımlığında qəbul olunan 4-cü aktlar ABŞ prezidenti Franklin Ruzveltin əlini-qolunu bağlamışdı.

Ruzvelt Hitlerin dünyaya hökm etmək istədiyini anlayırdı və əgər Avropa üzərində alman hegemonluğu gerçəkləşsəydi, texnikanın inkişaf sürətini də nəzərə alaraq, bir neçə ilə Atlantikdən ölkəsi üçün təhlükə yarana biləcəyini dərk edirdi. Müharibə başlayandan sonra Ruzvelt ictimai rəyi və konqresi müharibəyə kökləməyə cəhd etsə də bunu çox ehtiyatlı və ikimənalı, bəzən yaxın ətrafındakıların belə məğzini anlamadığı ritorikayla və olduqca hiyləgər strategiyaya riayət etməklə həyata keçirirdi. Lakin prosesin olduqca ləng getdiyini Ruzvelt də görürdü və ən böyük qorxusu İngiltərə təslim olmadan ABŞ-ı müharibəyə daxil edə bilməmək idi. Qəbul olunan bəzi qanunların köməyilə və bəzən qanunların ziddinə İngiltərəyə maksimum yardım etsə də Ruzvelt bunun kifayət etməyəcəyini və İngiltərənin təslim ola biləcəyini anlayırdı.

ABŞ bir an əvvəl müharibəyə girməzsə, Almaniyanın Avropada hegemonluğu qaçılmaz olacaqdı. Lakin Ruzvelt, Avropa müharibəsinə istədiyi vaxtadək girə bilməsinin konqresin və ictimai rəyin maneə olması səbəbindən, mümkün olmadığını bilirdi. Ard-arda atdığı bir neçə addımla (İslandiyanın müdafiəsi, Atlantik okeanında hərbi patrul, alman gəmilərilə bağlı ingilislərə kəşfiyyat məlumatlarının ötürülməsi və s.) ABŞ-ı Almaniya ilə müharibə vəziyyətinə gətirsə də, almanların ABŞ üzərinə birbaşa hücum etməsinin çətin perspektiv olduğunu anlayan Ruzvelt Avropadakı proseslərə müdaxiləsini dayandırmadan, Hitlerin özündən razı şovinizmindən ictimai rəyi öz xeyrinə çevirmək üçün ustalıqla istifadə etməklə Yaponiya üzərində oynamağa başladı.

Bir çox tarix kitablarında yazılanın və böyük çoxluq tərəfindən bilinənin əksinə olaraq Yaponiya Havay adalarındakı Perl-Harborda yerləşən ABŞ bazasını anidən bombalamayıb. Hətta sonradan açıqlanan sənədlərdən də görünür ki, amerikalılar son ana qədər hücumdan xəbərdar olublar. Sadəcə hücumun yaponlara daha yaxında yerləşən Filippindəki bazalardan birinə ediləcəyi gözlənilirdi.

Bəs Yaponiya ABŞ bazasını niyə bombalamışdı?

Sürətlə sənayeləşən, resurs və xammal çatışmazlığıyla üzləşən Yaponiya I Dünya müharibəsindən sonra yaranan nizamın möhkəm olmamasından istifadə edib Çini yavaş-yavaş işğal etməyə başladı. Hitlerin Avropada başladığı müharibədən sonra İngiltərə şərqdə də gücünü itirmişdi. Və belə bir şəraitdə Yaponlar öz dünya imperiyalarını qurmaq istəyirdilər. Lakin ABŞ-ın sakit okeanda güclü imperiya istəmədiyini bilən (ABŞ bunu Rus-Yapon müharibəsində hiss etdirmişdi) Yaponiya ABŞ-ın enerji sanksiyalarına məruz qalana qədər bu arzu-istəklərini birtəhər basdıra bilmişdi.

Ruzveltin həm Çinin (Mancuriyanın) işğalına reaksiya olaraq, həm də daha çox Yaponiyanı qıcıqlandırmaq üçün tətbiq etdiyi sanksiyalar artıq başqa çarə buraxmamışdı. Yaponiya Hind-Çini işğal etdi və onunçün həyati önəm daşıyan enerji resurslarını mühafizə altına aldı. Yaponiya ilə müharibənin gec tez Avropadakı müharibəyə girə bilmək üçün yaşıl işıq yandıracağını dərk edən Ruzvelt, bu müddət ərzində addım-addım irəliləmək strategiyasının iki parlaq gedişini etdi: öncə Hind-Çindəki yapon bazaları üçün təhdid yaradacaq məsafədə yerləşən Perl Harbor və Filippindəki dəniz bazalarını super döyüş gəmilərilə mükəmməl səviyyəyə çatdırdı (indi eynilə İrana etdiyi kimi, Yaponiyanın enerji yataqlarını bazalarla əhatəyə aldı). Ardınca da sanksiyaların ləğvi üçün danışıqlar aparan və uzun müddətdir ABŞ diplomatları tərəfindən nəzakətli bir şəkildə dostluq ab-havası altında keçən görüşlərdə “başları sığallanan” yapon diplomatlara sanksiyaların aradan qaldırılmasının müzakirə predmeti olmadığı bildirildi və danışıqlar yaponlarçün nümayişkaranə şəkildə, təhqiramiz formada sonlandırıldı.

Əlbəttə, ABŞ üçün qat-qat vacib müttəfiq olan İngiltərəyə dəstəyə görə, həmçinin qat-qat vacib region olan Avropada müharibəyə girməyə imkan verməyən Konqres və ictimai rəy Çinin işğalında Yaponlara qarşı müharibəyə gözucu belə baxmırdı. Lakin ABŞ ictimai rəyinin və Konqresin anti-müharibə ab-havasının əhəmiyyətini sonadək anlamayan yaponlar (imperatorun tanrı sayıldığı, general Tojonun mütləq diktaturası altında yaşayan yaponlar bunu, heç anlaya da bilməzdilər) baş vermiş faktları-diplomatik danışıqlardan qovulmanı və təhlükəli yaxınlıqda yerləşdirilən ABŞ bazalarını-həqiqət kimi qəbul etdilər və bununla da Ruzveltin qurduğu incə planın bir parçası oldular.

Beləliklə, Yaponiya Perl-Harbordakı ABŞ bazasını bombaladı və ABŞ ertəsi gün Yaponiyaya müharibə elan etdi. Bundan bir gün sonra ABŞ-a müharibə elan edən Hitler, beləliklə, Ruzvelti Avropadakı müharibəyə qoşulmaq üçün manevr etmək əziyyətindən qurtardı. Ruzvelt isə bundan sonrakı bütün fəaliyyətini, düz ölümünədək öncə müharibədə qalib gəlməyə, ardınca isə müharibədən sonrakı dünyanı inşa etməyə həsr etdi.

Yaponiya ABŞ-a müharibə elan edəndə dünyadakı ən mükəmməl və güclü orduya-Kuantun ordusuna, ən mükəmməl və sayca üstün peşəkar texnikaya sahib idi. Özünün bütün sənaye resurslarını müharibəyə istiqamətləndirən ABŞ, cəmi bir il sonra Yaponiyanı üstələdi və daha bir il sonra baş tutan “Midway” döyüşündən sonra Yaponiya artıq müdafiə olunan tərəf idi.

Müharibənin nəticələrini və nüvə hegeomoniyasına sahib olan ABŞ-ın Yaponiyaya (daha çox SSRİ-yə və Stalinə göz dağı vermək üçün) atdığı bombaların tarixini burada yazmıram, çünki mövzudan kənarlaşma olacaq və yazının həcmi böyüyəcək. Sadəcə onu qeyd etməklə kifayətlənə bilərəm ki, supergüclər, xüsusilə kommunikasiyanın fantastik səviyyəyə çatdığı müasir dövrdə daxili quruluşunun demokratik və ya avtoritar olmasından asılı olmayaraq, istənilən potensial hərbi münaqişə zamanı ən böyük mübarizəni daxili maneələri (ictimai rəy, güc qrupları, biznes elita və s.) adlamağa çalışarkən ortaya qoyurlar.

Xirosimaya və Naqosakiyə atılan bombalardan cəmi 20 il sonra ABŞ daxili ictimai rəyin önəmini yaponlardan fərqli olaraq tam dərk edən və öz daxillərində ictimai rəyin formalaşmasının qarşısını ən amansız üsullarla alsalar da, ABŞ ictimai rəyi ilə manipulyasiya etməyi mükəmməl şəkildə öyrənən Vyetnam liderləri ABŞ-ı tarixində ilk dəfə müharibədə məğlubiyyət yaşamağa məcbur edə bildilər. Bu məğlubiyyət zamanı ABŞ ordusu heç bir açıq döyüşdə məğlub olmasa da, vyetnamlıların ustalıqla oynadığı öz daxilindəki ictimai rəyə məğlub oldu və müharibədən qalibiyyətsiz, cəmi bir il sonra, 10 il ərzində uğrunda döyüşdüyü hər şeyi itirməsilə nəticələnən sülh müqaviləsini hazırladı.

Müasir dövrdə ABŞ və İran arasında güc nisbətini müqayisə etmək məntiqdən kənar olsa da İran liderlərinin müasir media, kommunikasiya alətlərinin köməyilə ABŞ və dünya ictimai rəyində apardıqları uğurlu kampaniya İranın ABŞ qarşısındakı ən böyük rıçaqlarından biridir. Bu isə ABŞ kimi supergücü istənilən potensial hərbi toqquşma zamanı təşəbbüsdən məhrum edir.