İngiltərə parlamenti “Brekzit” razılaşmasını axır ki, qəbul edib

İngiltərə parlamentinin yuxarı palatası.

Böyük Britaniya parlamentinin yuxarı palatası olan Lordlar palatası yanvarın 22-də “Brekzit” müqaviləsini ratifikasiya edib. Bundan öncə parlamentin aşağı palatası da müqaviləni ratifikasiya etmişdi. İndi müqavilənin yanvarın 23-də kraliça II Yelizaveta tərəfindən imzalanması gözlənilir.

İngiltərənin Avropa Birliyindən çıxma məsələləri ilə bağlı naziri Stiven Berkli Twitter səhifəsində yazıb ki, “Biz söz verdiyimiz kimi “Brekzit”i gerçəkləşdiririk, yanvarın 31-i bununla bağlı son addımlarımızı atacağıq”.

“Brekzit” razılaşması İngiltərə tərəfindən tam qəbul olunduqdan sonra o Avropa parlamentində də ratifikasiya olunmalıdır. Gözlənildiyi kimi bu yanvarın 29-da AB parlamentinin iclasında baş tutmalıdır. Yanvarın 31-də İngiltərə axır ki, “Brekzit”ə nail olacaq.