Məhəmməd Əmin Rəsulzadənin doğumunun 136-cı ildönümüdür

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümüdür.

M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə Güney Azərbaycana mühacirət edib. Bir müddət orada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra «Müsavat» partiyası mərkəzi komitəsinin sədri seçilib.

1918-ci il 27 may – Gürcüstanın paytaxtı Tiflisdə artıq fəaliyyəti dayanmış
Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını yaradır. M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilir.

1918-ci il 28 May – M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası
Azərbaycan İstiqlalını elan edir və altı maddədən ibarət olan Azərbaycan İstiqlal bəyannaməsi qəbul edilir. Həmin günü Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinəsi təşkil edilir. 9 strukturdan ibarət olan I hökumət kabinəsinə Nazirlər Şurasının
sədri Fətəli xan Xoyski başçılıq edir. Həmin dövrdə Azərbaycanda əhalinin sayı 2 milyon 750 min (onlardan 1 milyon 900 mini müsəlman idi) nəfər idi. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi isə 97,3 min kv.km idi. Bundan başqa 15,6 min kv.km-lik Azərbaycan torpaqları Ermənistan və Gürcüstanla mübahisəli ərazi sayılırdı.

1918-ci il 4 iyun – Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ilk Dostluq Müqaviləsi imzalanır. Müqavilənin IV maddəsində Osmanlı hökumətinin Azərbaycana silahlı yardım göstərmək haqqının olduğu qeyd edilir. Müqaviləni Azərbaycan hökuməti adından M.Ə.Rəsulzadə və M.Hacınski imzalayır.

1918-ci il 16 noyabr – M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Milli Şuranın Bakıda ilk toplantısı keçirilir və Azərbaycan xalqına müraciət qəbul edilir.
1918-ci il 19 noyabr – M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Milli Şura Azərbaycan
Parlamentinin yaradılması haqqında qanun qəbul edir.

1920-ci il aprelin 28-i bolşevik işğalından sonra M.Ə Rəsulzadə həbs edilib. Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.