Ukrayna rusdilli təhsildən tədricən imtina etməyə hazırlaşır

Uzun müddətdir Rusiya ilə münaqişə şəraitində olan Ukrayna rusdilli təhsildən tədricən imtina etməyə hazırlaşır. Bununçün rusdilli məktəblərdə çalışan müəllimlərə ixtisasartırma kursları keçilməyə başlayıb. Onlar bundan sonra ukrain dilində təhsilə hazırlanır. Bu haqda Ukraynanın Təhsil və Elm naziri Anna Novosad “İnterfaks-Ukrayna” saytına müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimləri dövlət dilində tədrisə və terminologiyanı öyrənməyə hazırlayırlar. Onlar üçün ayrıca ixtisasartırma kursları, yay məktəbləri nəzərdə tutulub.

Nazirin sözlərinə görə 2020-ci ilin sentyabr ayından başlayaraq rusdilli məktəblərdə beşinci sinifdən etibarən təhsil ukrain dilində aparılacaq. İbtidai siniflərdə isə doğma dildə təhsilə imkan veriləcək. Həmçinin, rus millətindən olan Ukrayna vətəndaşlarına öz dillərindən və öz ədəbiyyatlarından təhsilin rusca aparılmasına imkan veriləcək.