Azərbaycan hökuməti Xədicə İsmayıla 20.000 avro təzminat ödəyəcək

Xədicə İsmayıl

Avropa İnsan Haqları Məhkəməsi fevralın 27-də Azərbaycanla bağlı daha bir şikayət üzrə qərarını açıqlayıb.

Abzas xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat yayıb. Onun sözlərinə görə, qərar araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı olub.

“Avropa Məhkəməsi Xədicə İsmayılovanın 5 dekabr 2014-cü ildə barəsində seçilmiş həbs qətimkan tədbirindən, həbsdə saxlama müddətinin uzadılması, həbsin siyasi məqsədlər daşıması, həbs edilərkən Prokurorluğun onun haqqında yaydığı məlumatın təqsirsizlik prezumpsiyası hüququnun və ifadə azadlığı hüququnun pozuntusundan verdiyi şikayət üzrə qərarını elan edib”.

Vəkilin sözlərinə görə, məhkəmə Avropa Konvensiyasının 5.1, 5.4, 6.2, 18-ci maddələrinin pozuntusunu müəyyən edib və dəymiş zərərə görə Xədicə İsmayıla 20000 avro, məhkəmə xərclərinə görə 5000 avro kompensasiya təyin edib.