Azərbaycan şəhidinin meyiti neytral ərazidən götürülüb

Azərbaycan ordusunun Qazax rayonunda dislokasiya olunmuş “N” saylı hərbi hissəsinin əsgəri, bu ilin yanvarında Ermənistanla sərhəddə, Tovuz istiqamətində itkin düşmüş Abbasov Akif Elşən oğlunun meyiti neytral zonada aşkar edilib və evakuasiya olunub.

Əsgərin meyitinin qalıqları bir neçə gün əvvəl Azərbaycan və Ermənistan qoşunlarının mövqeləri arasında, neytral zonda tapılıb. Ötən gün Beynəlxalq Qırmızı Xaçın və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə əsgərin meyitinin qalıqları neytral zonadan evakuasiya edilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə komitə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin meyitinin ərazidən götürülməsi əməliyyatında “neytral vasitəçi” kimi iştirak edib.

Ermənistan tərəfi əsgərin meyitinin Movses kəndi (Tovuzun Ağdam kəndi ilə üzbəüz) istiqamətində, Azərbaycan ordusunun mövqelərindən bir qədər aralıda tapıldığını bildirir.

Azərbaycan Müdafiə Nazirliyi məsələni şərh etmir. Əsgərin itkin düşməsi hadisəsini Hərbi Prokurorluq araşdırır. Hərbi Prokurorluqdan isə şərh almaq mümkün olmayıb.

Ağcabədi rayonundan hərbi xidmətə çağırılmış 19 yaşlı əsgər bu il yanvarın 16-da itkin düşmüşdü və bu haqda sosial şəbəkələrdə xəbər yayılmışdı. Əsgərin atası məlumatı təsdiqləmişdi.