DTX Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi

Neftçala Rayon İcra Hakimiyyətinin binası.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, fevralın 20-də Neftçala rayonu ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açılıb: «Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına,… zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir».

DTX vurğulayıb ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Xatırladaq ki, hazırda Neftçala Rayon İcra Hakimiyyəıtinin başçısı İsmayıl Vəliyevdir. O, 2011-ci ildən bu vəzifəni tutur.

Ötən ilin 19 dekabrında DTX Ağstafa Rayon İcra Hakimiyyətində əməliyyat keçirərək, icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovu həbs etmişdi.