MSK seçkidə rəqibinə rüşvət təklif etdiyi üçün Fərəc Quliyevə xəbərdarlıq edib

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş bloger Mehman Hüseynovun həmin dairədən namizədliyini vermiş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyevlə bağlı şikayətinə Mərkəzi Seçki Komissiyasında baxılıb.

Bloger Fərəc Quliyevlə söhbətinin səs yazısını yayıb. Həmin söhbətdə sabiq deputat Mehman Hüseynova müalicəsi üçün pul təklif edir, qarşılığında namizədliyini onun xeyrinə geri çəkməsini istəyir.

MSK üzvü Ramiz İbrahimovun jurnalistlərə verdiyi məlumata görə, şikayət qanunvericiliyə uyğun olaraq MSK nəzdində fəaliyyət göstərən Ekspert Qrupu tərəfindən baxılıb və araşdırılıb.

MSK üzvünün sözlərinə görə, M.Hüseynov şikayətində qeyd edib ki, F.Quliyev ona 15 min manat pul təklif edib: “Mehman Hüseynov müraciətində qeyd edib ki, F.Quliyevin namizədliyi ləğv edilsin”.

Araşdırma prosesində tərəflərlə əlaqə saxlanılıb və iclasda iştiraka dəvət olunub.

F.Quliyevin izahatı alınıb. O, izahatında qeyd edib ki, M.Hüseynovla aralarında görüş 45 dəqiqə çəkib: “Fərəc Quliyev bildirib ki, Mehman Hüseynova pul təklif etməyib və səs yazısı montaj edilib”.

M.Hüseynov isə MSK-nın iclası zamanı çıxışında deyib ki, Fərəc Quliyev ona bələdiyyə seçkilərində qalib gəldiyini deyib:

“Bununla bağlı tam səs yazısı da var və paylaşacağıq. Bundan əlavə, Fərəc Quliyev müxalifət partiyalarının sədrlərini də təhqir edib. Hətta Milli Məclisdə 80-ə yaxın deputatın faydasız olduğunu bildirib”.

Qeydə alınmış namizəd Fərəc İbrahim oğlu Quliyevə xəbərdarlıq edilməsi məsələsi müzakirəyə çıxarılıb və ona xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.