Ülvi Həsənli: “MSK Kəmaləddin Qafarovun maraqlarını müdafiə edir və siyasi motivli qərarlar qəbul edir”

Ötən gün Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputatlığa namizəd, “Hərəkat” blokunun nümayəndəsi Ülvi Həsənova (Həsənli) və onun nümayəndəsi bloger Mehman Hüseynova xəbərdarlıq edib.

Onlar barədə şikayəti bu dairədən başqa namizəd – Kəmaləddin Qafarovun (hakim Yeni Azərbaycan Partiyasından namizəd) nümayəndəsi verib.

Şikayətdə bildirilib ki, Ü.HəsənovM.Hüseynov bir neçə nəfəri “öyrədərək” K.Qafarovun seçicilərlə görüşünə mane olmağa cəhd ediblər. MSK bu iddiaları həqiqətəuyğun hesab edib və Ü.Həsənov ilə M.Hüseynova rəsmi xəbərdarlıq edib.

Öz növbəsində Ü.Həsənov K.Qafarovun ittihamlarını uydurma adlandırıb. “Kəmaləddin Qafarov seçicilərlə görüş keçirəndə ​​biz də orada idik. Ancaq şikayətlərlə gələn bəzi vətəndaşları görüşə buraxmadılar. Görüşdən sonra həmin adamlarla söhbət etdik və onların problemlərini işıqlandırdıq. MSK təqdim olunmuş videoları yaxşı araşdırsa məlum olacaq ki, videoçəkilişin vaxtı K.Qafarovun görüşündən sonradır”, – Ü.Həsənov bildirib.

Onun sözlərinə görə, şikayətin səbəbi onun 10 gün öncə K.Qafarovdan Dairə Seçki Komissiyasına şikayət etməsidir: “Biz Qafarovun mülkləri ilə bağlı şikayət etdik və DSK-dən onun mülklərinin siyahısını istədik. Bizim sözlərimiz təsdiqini tapsaydı onun namizədliyi ləğv olunmalı idi, amma DSK mənim şikayətimi təmin etmədi”. Belə ki, K.Qafarovun çoxlu şirkəti var. Əvvəlki çağırış parlamentin deputatı olan K.Qafarovun bizneslə məşğul olmaq hüququ yoxdur.

Bundan əlavə, K.Qafarov deputat işini Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsi ilə birləşdirir.

Ülvi Həsənov qeyd edib ki, MSK-da şikayətə baxılarkən onu dəvət etməyiblər. “MSK-nın qərarı tamamilə əsassızdır və siyasi motivlidir, mən bundan şikayət edəcəyəm”, – o deyib.