Aİ səfiri Azərbaycanı İstanbul Konvensiyasını imzalamağa çağırıb

Aİ-nin Azərbaycandakı nümayəndəliyi və “EU Neighbours east” cümə günü 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş brifinq təşkil edib. Tədbirin məqsədi Azərbaycanda gender bərabərhüquqluluğu ilə bağlı həyata keçirilən layihələrin təqdim edilməsi idi.

Turan-ın məlumatına görə, açılışda çıxış edən Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Kyastutis Yankauskas qeyd edib ki, hazırda Aİ gender problemləri ilə bağlı 4 illik yeni milli fəaliyyət planı hazırlayır.

“Azərbaycanda 100 ildən çox əvvəl qadınlar seçki hüququ əldə ediblər və bizim üçün maraqlıdır, bu yaxınlarda Azərbaycan parlamentinə keçirilmiş növbədənkənar seçkilərdə qadınlar öz hüquqlarından istifadə edə biliblər?”, deyə o bildirib.

Səfir qeyd edib ki, ötən il Azərbaycanda rəsmi olaraq rekord sayda qadınlara qarşı zorakılıq faktları qeydə alınıb. Amma bu, vəziyyətin pisləşməsi demək deyil. Bu, cəmiyyətin bu problem haqqında daha çox danışmağa başlamasının nəticəsidir.

“Aİ-nin Azərbaycandakı bütün layihələrində gender məsələsi prioritetdir. Azərbaycan İstanbul Konvensiyasına qoşulsaydı, bu, müsbət hal olardı”, deyə o qeyd edib.

Qeyd edək ki, Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının aradan qaldırılması və ona qarşı mübarizə haqqında Konvensiyası 2011-ci il mayın 11-dən imzalanmaq üçün açıqdır. Konvensiyanı 46 ölkə və Avropa İttifaqı imzalayıb. Azərbaycan indiyədək bu sənədi imzalamayıb.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycanda heç vaxt feminist hərəkatı olmayıb, amma həmişə alim qadınlar, ziyalı qadınlar olub, onlar özlərini qızların təhsilinin yaxşılaşdırılmasına, onların ictimai həyatda iştirakının fəallaşdırılmasına həsr ediblər.

Taliyə İbrahimova hesab edir ki, hazırki mərhələdə qadınların iqtisadi azadlığına xüsusi diqqət yetirilməlidir.

“İqtisadi cəhətdən sərbəstlik olmadan gender bərabərhüquqluluğu məsələsi həmişə aktual olacaq. Qadınlar arasında orta və kiçik biznesə dəstək təmayülü var. Erkən nikah və 15-17 yaşında qızların övlad dünyaya gətirməsi səviyyəsinin azalması müsbət haldır. Selektiv nikahlara qarşı mübarizə tədbirləri də öz nəticəsini verir”, deyə o bildirib.

Giriş nitqlərindən sonra Aİ-nin dəstəyi ilə həyata keçirilmiş layihələr təqdim edilib. Təqdimatda həmçinin regionlarda Aİ-nin proqramlarından yardım alan qadınlar da çıxış edərək öz təcrübələrini bölüşüblər.