“Eyni fəaliyyətə görə Azərbaycanda cəzalandırıldım, Amerikada mükafatlandırıldım”

Martın 4-də ABŞ-ın Dövlət Katibi Mayk Pompeo Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatını təqdim edib. Bu il mükafat dünyadan 12 qeyri-adi qadına verilib. 

Mükafata layiq görülənlər sırasında 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərən Şəhla Hümbətova da var.

VOA-nın məlumatına görə, martın 4-də mükafatlandırma mərasimində birinci ledi Melania Tramp çıxış edib.

Şəhla Hümbətova mükatın təqdimatından sonra VOA radiosuna müsahibəsində bildirib ki, “Eyni fəaliyyətə görə Azərbaycanda cəzalandırıldım, Amerikada mükafatlandırıldım”.

Mükafat artıq 14-cü ildir verilir. Məqsəd dünyada sülh, ədalət, insan haqları, gender bərabərliyi, qadınlara səlahiyyət verilməsi üzrə müstəsna cəsarət və liderlik göstərən, bunu adətən böyük şəxsi risk və qurban verərək edən qadınları tanımaqdır.

2007-ci ilin martından bəri Dövlət Departamenti 73 ölkədən 134 qadını bu mükafata layiq görüb. Bu ilki təqdimatdan sonra laureatların sayı 146-ya çatacaq.

Bu il Beynəlxalq Cəsarətli Qadın mükafatına layiq görülənlər sırasında Əfqanıstandan keçmiş mer Zarifa Qafari, Ermənistandan jurnalist Lüsi Koçaryan, Boliviyadan jurnalist Ksimena Galarza və digərləri var.