Azərbaycan xam neft satdığı bazarların 58 faizini itirib – Nemət Əliyev

Neftin satışından gəlirlər 60 faiz azalıb. Cari ilin sonunadək gəlirlərin 7 milyard dollardan çox azalacağı gözlənilir. Ölkənin Ödəniş Balansı təhdid altındadır. Manata təzyiqlər, bütün rəsmi açıqlamaların əksinə olaraq, nəinki azalmayıb, əksinə artıb.

Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlardan məlum olub ki, cari ilin yanvar ayında 4 milyon ton xam neft satan Azərbaycan fevral ayında cəmi 1,7 milyon ton xam neft sata bilib.

Mənbə 1: Gömrük Komitəsinin rəsmi saytı
Mənbə 2: Gömrük Komitəsinin rəsmi sayı

Aylıq satışın həcmi fevralda 2,3 milyon ton azalıb. Başqa sözlə, yanvarda xam neft satdığımız bazarların 58 faizini fevralda itirmişik.

İqtisadiyyatı, büdcəsi, sosial həyatı neftə köklənmiş bir ölkə üçün çox dəhşətli itkilərdir. Müqayisə etmək baxımından əhəmiyyətlidir ki, 2019-cu ilin fevral satışı yanvar satışını 41 faizdən çox üstələmişdi. Lakin 2020-ci ildə hadisələr 180 dərəcə əks istiqamətdə meyl edib və aylıq satışın həcmi 2,4 dəfə azalıb.

Bu dərəcədə itkilərə məruz qalmağımızın bir çox səbəblərini qeyd etmək olar. Lakin heç şübhə etmirəm ki, itkilərin bu həddə gəlib çatmasında çevik qiymət mexanizminin olmaması, real proqnoz göstəricilərin çatışmaması və qərarvermə prosesində qətiyyətsizlik öz sözünü deyib.

Heç olmasa bir ay irəliyə birjalarda qiymətlərin hansı ssenari üzrə dəyişə biləcəyinə dair real, yaxud da reala bənzər proqnoz göstəricilər olsaydı, və bir az da qətiyyət çatsaydı, vəziyyət bu dərəcədə ağırlaşa bilməzdi. Bazar payının qorunub saxlanılmasında ən təsirli alət hesab olunan qiymət mexanizmi gərəyincə və düzgün şəkildə istifadə olunsaydı, yenə də bu qədər itkilər mümkün deyildi. Amma və lakin onu da hər zaman qulaqdan sırğa etmək lazımdır ki, hətta pessimist proqnoz göstəricilər də konkret və real, bir az da mütəhərrik qiymət mexanizmləri ilə bərkidilməyirsə, böyük itkilərdən qaçmaq əsla mümkün deyil. Odur ki, ölkə daxilində enerjidaşıyıcılarına münasibətdə hökumət tərəfindən yürüdülən yanlış qiymət siyasətinin fərqli bir qiyafədə xarici partnyorlara münasibətdə də davam etdirilməsinə heç bir şübhəm yoxdur.

Peşəkar ticarət oyunçuları daha yaxşı bilər ki, qiymətlərdə müşahidə olunan və ya gözlənilən ən kiçik tendensiyalar, hətta ən kiçik detallar belə dərhal qeydə alınmalı, anındaca reaksiya verilməli, adekvat düzəlişlər tətbiq olunmalı və müştəriləri itirməmək naminə digər əlavə cəlbedici mexanizmilər işə salınmalıdır. Bu qaydalara operativ şəkildə əməl etməyən istənilən bazar iştitakçısının böyük pay itkiləri ilə üzləşməsi qaçılmazdır. Odur ki, neft bazarlarında 58 faiz pay itirməyimizdə naşılıq, qərarvermə prosesində lənglik kimi mənfi halların təsirləri istisna olunmur. Sanki bir arxayınçılıq yaşanıb, gözləmə mövqeyi tutulub.

Azərbaycan tərəfinin, xüsusən də SOCAR-ın monopoliya şəraitində oynamağa və qazanmağa adətkar olmasının da baş verənlərə mənfi təsiri nəzərdən qaçırılmamalıdır. Elementar rəqabət qabiliyyətinə yiyələnməyən bir şirkət kimi SOCAR-ın kəskin rəqabət şəraitinə uyğunlaşmış peşəkar bazar oyunçuları ilə bir müstəvidə tab gətirməyərək ən zəif bəndə çevrilə biləcəyi ehtimalı hər zaman gözlənilən real ssenarilərdən biri kimi diqqəti cəlb edib. İşi-peşəsi neft çıxarmaqdan və satmaqdan ibarət olan SOCAR -ın mart ayının ortalarında Səudiyyədən ucuz neft alması (mətbuat bu haqda çox yazıb) onun rəqabət qabiliyyətinin nə dərəcədə aşınmasının, yaxud da zəif düşməsinin bariz nümunəsi kimi dəyərləndirilməlidir. İqtisadiyyatı və gəlirləri xam neftin çıxarılmasına və satışına əsaslanan bir ölkənin öz istehsal etdiyi xammala deyil, başqa bir ölkənin istehsal etdiyi xammala milyonlar tökməsinin nə demək olmasını aydın təsəvvür edə bilirsinizmi?.. Onu da nəzərə almaq lazımdır ki, bu gün də Azərbaycanda “Rəqabət haqqında” qanun qəbul olunmayıb və belə bir halın yerli şirkətlərin, o cümlədən SOCAR-ın rəqabət qabiliyyətinə nə dərəcədə mənfi təsir göstərməsinin üzərindən sükutla keçmək mümkün deyil.

Xam neftin satış həcminin 2,4 dəfədən çox düşməsi, şübhəsiz ki, fevral ayında gəlirlərin əhəmiyyətli dərəcədə azalması ilə müşayiət olunub. Xam neftin satışından bu ilin yanvar ayında 2,0 milyard dollar, fevralda isə 0,8 milyard dollar gəlir əldə olunub (yuxarıdakı mənbələrə bax). Odur ki, fevral ayında satışdan gəlirlər 1,2 milyard dollar və ya 60 faiz azalıb.

Azərbaycan neftinin 1 çəlləyi (bareli) yanvar ayında orta hesabla 67 dollara, fevral ayında isə 62 dollara ticarət edilib. Deməli, fevral ayında satış bazarlarının əldən çıxması paralel şəkildə çox da böyük olmayan qiymət itkiləri ilə müşayiət olunub. Konkret hesablamalar göstərir ki, fevral ayında əmələ gələn 1,2 milyardlıq itkilərə ucuzlaşma 10 faiz, müştəri itkisi isə 90 faiz təsir edib. Deməli, fevral ayında əsas sarsıdıcı zərbəni neft bazarlarının itirilməsindən almışıq.

Bəs mart ayında nə baş verib? Çox təəssüf ki, “mart çıxdı, dərd çıxdı” zərb məsəlini buraya tətbiq etmək mümkünsüzdür. Çünki mart ayında həm ölkə iqtisadiyyatına, həm də əhalinin sosial həyatına vurulan ciddi zərbələrin altını sonrakı aylarda hələ çox çəkməli olacağıq.

Məsələ bundadır ki, dünya birjalarında xam neftin qiymətləri cari ilin yanvar və fevral aylarında nisbətən yüksək olsa da, mart ayının 1-ci ongünlüyünün sonlarından başlayaraq kəskin eniş edib: martın 2-də 1 cəlləyi 52 dollara ticarət edilən brend markalı neft martın 6-da 45 dollara, martın 18-də 25 dollara, martın 26-da isə 26 dollara ticarət edilib. Bu aralıq dövrdə maksimum qiymət 53,9 dollar, minimum qiymət 24,5 dollar olsa da, orta qiymət 35 dollar təşkil edib. Fevral ayında isə brend markalı neft orta hesabla 56 dollara alınıb-satlıb. Beləliklə, mart ayında orta qiymət fevral ayına nəzərən 38 faiz düşüb.

Bu enmə tendensiyası Azərbaycan nefti üçün də xarakterikdir. Başqa sözlə desək, fevraldan fərqli olaraq mart ayında ucuzlaşmanın gəlirlərə mənfi təsiri xeyli fəallaşıb. Bu təsir Azərbaycan üçün 38 faizin üzərində də ola bilər, çünki əvvəlki ayda itirdiyi bazarları geri qaytarmaq niyyəti və istəyi Azərbaycan tərəfindən daha ucuz qiymətlər təklif etməyi gündəmə daşıya bilər ki, bu da daha böyük itki anlamına gəlir. Beləliklə, əgər hökumət xam neftin ixrac həcmində dəyişikliyə nail ola bilməyibsə, o zaman yalnız ucuzlaşma hesabına mart ayında daha 300 milyon dollar gəlirdən məhrum olacağımıza şübhə yoxdur. Bu halda mart gəlirləri 475 milyon dollar hesablanır.

Deməli, xam neftin faktiki aylıq ixrac gəlirləri bu ilin yanvar ayında 2 milyard dollar, fevral ayında 0,8 milyard dollar olubsa, mart ayında 0,475 milyard dollar gözlənilir. İqtisadi cəhətdən çox təhlükəli tendensiyadır.

Əgər aprel və sonrakı aylarda ixrac və qiymət səviyyəsində elə bir əhəmiyyətli dəyişiklik baş verməzsə, o zaman xam neftin ixracından 2019-cu ildə əldə etdiyimiz gəlirlər 2020-ci ilin sonunadək 7,3 milyard dollar və ya 50 faizə qədər azalacaq.

Hadisələr bu ssenari üzrə inkişaf edərsə, 7 milyarddan çox itki qaçılmaz olacaq. Bu qədər itki daha ciddi problemlərə meydan aça bilər. Doğrusu, belə bir vəziyyətdə adi dəyişikliklər yolu ilə hansısa ciddi səhvlərin düzələ biləcəyinə ümid çox azdır, demək olar ki, yoxdur. Çünki hökumətin bütün fəaliyyəti sanki “bir addım irəli, iki addım geri” formulası üzrə qurulub. Xroniki hala çevrilmiş belə bir münasibətlə heç yarım addım da irəli çıxmaq mümkün deyil. Yalnız hazırkı idarəetmə sistemindən imtina etməklə, kadr siyasətində köklü dəyişikliklər aparmaqla nikbin perspektivə ümid etmək olar. Bunun üçün isə ali siyasi iradə çox vacibdir.

Nemət Əliyev