Virusun hədələyici fonunda – Yalçın İmanov

Yalçın İmanov

Koronovirus bəşərin xilaskarına çevrilə bilər

Cəmi ümumi təhlükə dövrlərində insanların davranışlarında qəribə yenilik və təzadlar üzə çıxır.

İndi bəlli virusun hədələyici fonunda birgəyaşayış qaydalarında yeni, əvvəllər rast gəlmədiyimiz maraqlı dəyişikliklər baş verir. Məsələn, adamlar çoxdan unutduqları tanışlarını yada salıb, uzun-uzadı hal-əhval tutur, nə vaxtsa qəlbini sındırıb, incitdikləri kimsənin könlünü alır, şirin və toxansız söhbətlər edirlər. Hətta küçədə-bacada bir-birini tanımayan adamlar rastlaşıb qarşılaşanda yüksəkdən salam verir, eyni hərarətlə cavab alırlar, ərzaq mağazaları və yaxud apteklərdə xoş mehribançılıqla digərinə yol verib, özlərindən qabağa buraxırlar.

Mən belə oxşar mənzərələri sonuncu dəfə 90-cı illərin müharibə dövründə müşahidə eləmişəm. Bəla və ya təhlükə ortaq taleyə çevriləndə, adamlar ən qədim və dərin həyat həqiqətini sanki qəfil kəşf ediblərmiş kimi, anlayıb, bir anlıq duruxur, qeyri-təbii şəkildə mehribanlaşıb, daha həlim və həssas olublar.

Hərçənd, sonrakı gedişat bunun sadəcə ilğım, ekstermal situasiyanın qalıq məhsulu olduğunu göstərir.

Belə dövrlərin ən yaxşı cəhəti təkcə insanları fikirləşməyə məcbur etməsi deyil, həm də bu fikirləşmələrin real nəticələri, əldə edilən faydaları ola bilər.

Deyək ki, anlaya və dərk edə bilərsən ki, sənin taleyin, yalnız sənin taleyin deyil, o həm də başqasının, yaşadığın cəmiyyətin, bütövlükdə isə bəşərin taleyidir. Və yaxud bir nəfərin aqibəti hamının aqibətini müəyyən edir və yaxud ümumi aqibətdə sənin aqibətinin danılmaz və həlledici rolu, payı var.

Və yaxud əzilənin varlığı əzənin mövcudluğunun başlıca şərti və şəksiz müəyyənedicisidir, öldürən öləndə özünü də qətl edir, avtoritar və ya diktator birinin qisməti demokrat başqasının mövcudluğundan asılıdır. Hansısa ucqar bir dağ kəndində heç kimin tanımadığı, sadə, kasıb bir insan, dünyanın o biri başındakı ən varlı, ən zəngin birinin məxfi həyat qaynağı və izaholunmaz yaşam mənbəyidir.

Gözlə görünməyən tale bağları, sərhəd, dövlət tanımadan insanları biri-birinə calayır, bağlayır və yaşamının danılmaz faktoruna, dəlilinə çevrilir.

Yeri gəlmişkən, bəlkə elə “elnən gələn bəla toy-bayramdır” arxetipinin axtarılan digər mənalarından biri də elə burdadır?

***

Polis maşınının “evlərinizə qayıdın” sirenası adamların üzünə oxunmuş ölüm hökmü kimi səslənir. Doğrudan, evlərimiz beləmi qorxulu və faciəvi bir yerdir? Nə üçün insanlar evlərində dəli kimi darıxır, vurnuxur və sonsuz əzab çəkirlər? Yoxsa evlər bineyi-qədimdən yalnız və yalnız elə yemək və yatmaq üçünmüş? Evlər, mənzillər insanın rahatlıq yeri və intim məkanı deyilsə, bəs onda, başqa hara, başqa hansı yer, başqa hansı məkan? Evlərimizmi belə təhlükəlidir, yoxsa özümüzlə üz-üzə qalmaq? Bir dam altında yaşayanların belə kədərli yadlığı və aşkar tənhalığı hansı vacib problemlərin əlamətidir?

Biz öz evlərimizi cansıxıcı, maraqsız və kəhanət kimi qavrayır və qəbul ediriksə, ona nələrsə, daha doğrusu, bir çox şeylər düz, yolunda getmir.

Yox, qarşılaşdığımız çılın-çılpaq özümüz, özümüzdə vahimə yaradırsa, deməli islah etməli, düzəltməli bir şeylər var.

***

Koronovirus bizə hazırki kimliyimizi, yaşam prioritetlərimizi yada salır, özümüzə, hansı vəziyyətdə olmağımıza davamlı nəzər yetirməyə məcbur edir və bununla da kifayətlənməyib əslində necə olmalı olduğumuzun sərhədlərini cızır. Bu mənada o, bəşərin xilaskarına çevrilə bilər. Əlahiddə situasiyalar əlahiddə imkanlar yaradır.

Virusun yaratdığı problemlər, onun yoxluğunda, aradan çıxıb getdiyi vaxtlarda da aktual olmalıdır. Başqa sözlə, koronovirusdan sonrakı dünya ona qədərki dünyadan keyfiyyətcə fərqlənməli, heç olmasa bir baş üstün olmalıdır.

Aşkar ədalətsizlik, ictimai sərvətlərin ağılsız və qeyri-bərabər bölüşdürüldüyü, hamının hamıya qarşı savaş apardığı və bir-birilərinin həyatını cəhənnəmə çevirdyi indiki dünyanın sərt həqiqətləri dəhşətlidir. Bu həqiqətlər onsuz da insanlığı talan edir, adamları kütləvi və səssiz şəkildə qətlə yetirir. Belə dünyanı apar tulla. Belə dünyanı çırpıb götür.

Virusun yaratdığı çoxsaylı problem və suallar, insanlar arasında tamamilə yeni, məzmunca daha üstün münasibətlər sisteminin inşasına təkan verə, stimul yarada bilər. İndiki sosial distansiya və fərdi təcridolunma böhranı sonrakı illərdə kollektiv həmrəylik və bəşəri tərəqqiyə çevrilə bilər.

Yox, əgər koronovirusdan sonrakı dünya, koronovirusdan əvvəlki dünyadan heç nə ilə fərqlənməyəcəksə, elə onun tayı olacaqsa, bir baş üstün olmayacaqsa, onda hazırki bəşəri məhrumiyyət və iztirabların qara qəpiklik dəyəri, mənası qalmayacaq.

O vaxta qədərki növbəti daha ağır və daha kəskin ümumi təhlükə qapının ağzını kəsməyənədək…

“Taun”un qəhrəmanının sözlərini bir balaca dəyişsək, indi bu qərib dünyanın adamları nəhayət anlamaldırlar ki, ya birgə yaşamalı, ya da birgə ölməlidirlər, başqa çıxış yolu yoxdur…

Yalçın İmanov