ABŞ Helsinki Komissiyası Azərbaycanı repressiyada ittiham edir

ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycan hökumətini koronavirus pandemiyasından istifadə edib vətəndaşların və mətbuat nümayəndələrinin hüquq və azadlıqlarını məhdudlaşdırmaqda günahlandırıb.

Bununla bağlı Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker birgə bəyanat yayıblar. Sənəddə deyilir ki, pandemiya dövründə ictimai sağlamlığın qorunması mülahizələri siyasi repressiyalara haqq qazandırmamalıdır.

“Azərbaycan hökumətinin həbslər, cərimələr və ehtimal ki, işgəncə vasitəsilə öz xalqının ifadə azadlığına, media və informasiyaya çıxışını daha da əngəlləməsinə dair xəbərlər bizi dərindən narahat edir. Hakimiyyət bu qlobal böhrandan Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərinin və başqa fəal və müxbirlərin söz azadlığını məhdudlaşdırmaq üçün istifadəni dayandırmalıdır”.

Komissiyanın saytında dərc edilən bəyanatda deyilir ki, son həftələrdə Azərbaycan hakimiyyəti əsas müxalifət partiyalarından Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərini və bu partiyaya bağlı Azadlıq qəzetinin jurnalistlərini saxlayıb, dindirib, həbs və cərimə edib, eyni zamanda, bir epizodda ehtimalən işgəncəyə məruz qoyub.

Məlumatda qeyd olunur ki, qlobal pandemiya başlanandan bəri Azərbaycan hökuməti AXCP-nin sədri Əli Kərimlinin telefon və internet rabitəsini kəsərək onu xarici aləmə çıxışdan, habelə media ilə təmasdan məhrum edib.

Həmçinin, deyilir ki, ötən həftə Azərbaycan müxalifət partiyalarının koalisiyası hökuməti AXCP fəalı Niyaməddin Əhmədova həbsdə olan zaman işgəncə verməkdə günahlandırıb.

Helsinki Komissiyasının açıqlamasında bildirilir ki, iddia olunduğuna görə Aqil Hümbətov, Faiq Əmirli və Səadət Cahagir də daxil AXCP-yə bağlı başqa fəallar və jurnalistlər hökumətin koronavirusa qarşı mübarizə tədbirləri barədə tənqidi çıxışlar etdikdən sonra karantin qaydalarını pozduqlarına görə saxlanıblar.

Azərbaycan insan haqları fəalları bildirirlər ki, Azərbaycanda epidemiya başlanandan bəri 16 müxalifət fəalı, jurnalistlər, o cümlədən AXCP sədrinin köməkçisi Faiq Əmirli həbs olunublar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasıın sədri Əli Kərimli bildirib ki, hakimiyyət “pandemiya ilə mübarizədə səriştəsizliyinin, işləməməyə məcbur olan əhalini dəstəkləyə bilməməsinin tənqid olunmasını istəmir”.

Bundan əvvəl, aprelin 28-də “Azercell” şirkəti Əli Kərimli və xanımının mobil telefonlarında rabitə və internetin məhdudlaşdırılmasıyla əlaqəsi olmadığını bildirmişdi.

Azərbaycan Daxili İşlər Nazirliyi isə Əli Kərimli və ailəsinin rabitə, internet əlaqələrinin məqsədli şəkildə məhdudlaşdırılması barədə iddiaları təkzib etmişdi.

Azərbaycan hakimiyyəti habelə pandemiyadan insan hüquqlarının məhdudlaşdırılması üçün istifadə etdiyinə dair tənqidləri “əsassız” adlandırır.