Afaq Bəşirqızı: “Kim öyrətdi bizə bu rüşvətxorluğu, korrupsiyanı, cibə girməyi, kiminsə haqqını yeməyi?”

“Dözmək çox çətindir. Yalan, şablon, boğazdanyuxarı sözlər insanlığı məhv edir. Sənin yaratdıqların, insan adını daşıyan bəndələrin çoxdur. Amma insanlıq çox azalıb, İlahi-Pərvərdigarım!”

Bu fikirlər xalq artisti Afaq Bəşirqızının Ramazan ayı və Qədr gecəsi ilə bağlı qələmə aldığı yazıda yer alıb. Aktrisa konkret.az saytında dərc olunan yazısında ölkədəki rüşvətxorluqdan, korrupsiyadan da bəhs edir.

“İlahi-Pərvərdigarım, bizə kim öyrətdi bu rüşvətxorluğu, korrupsiyanı, cibə girməyi, kiminsə haqqını yeməyi? Kim bizə öyrətdi lazımi yerdə müti, lazımsız yerdə isə xoruz olmağı?! Kim bizə öyrətdi ki, öz haqqını tələb eləməyi bacarmayan, miskin günə düşən bir insan bu gün öz günahını çıxıb başqalarında axtarır?  Bu nə vaxta qədər belə davam edəcək, İlahi?! Sənin cəzan qurtarmayacaqmı?”

Xalq artisti bir tərəfdən ölkədəki problemlərdən danışır, bir tərəfdən onun səbəbkarlarını axtarır, bir tərəfdən də problemlərin bəşəriyyətdən, ümumilikdən insanların özündə olduğunu qeyd edir.

“İlahi-Pərvərdigarım, bunun günahkarı Sən deyil, biz özümüzük. Bunun günahkarı bəşəriyyətdir, insanlar və insancıqlardır. İlahi, nə vaxta qədər bir vaxtlar özümüzə sığışdırmadığımız kəlmələri üzərimizdə daşıyacağıq? Mən bunu sənin cəzan kimi, sənin qarşında işlətdiyimiz sonsuz günahların cəzası kimi qəbul edirəm. Sənin yerinə danışdığıma və sənin adına söz dediyimə görə məni bağışla! Buna haqqım yoxdur, bilirəm. Çünki tək İlahi sənsən!”

A.Bəşirqızı işğal altında olan torpaqlardan, 28 ildir “vətən”, “torpaq”, “şəhid” sözlərinin şablona çevrildiyindən də yazıb.

“Çox ağrılıdır. Namusdan danışanda daş-qalaq olunursan, səni namussuz adlandırırlar. Səni vətənini və xalqını sevməyən, “xalqdan yığdığın pullarla quduran” bir insan kimi görürlər. Vətəndən danışırsan, o dəqiqə ağzını yumurlar. Deyirlər, hansı vətəndən danışırsan, ay vətənsiz! Bəli, Vətənim işğal altındadır. Bu nadanlarda da o qədər bədii sözlər var ki, həqiqəti onlara yedirtmək mümkün deyil. Amma onlar insafsızlığı, şərəfsizliyi, nadürüstlüyü sənə yedirdirlər. Günü-gündən hər hansı bir günahın üstünü açırsansa, səhəri gün o günahdan beş-betər günahlar baş verir.

Dilimiz yara olub yalandan Koroğlu, Qaçaq Nəbi deməkdən. Qəhrəman şəhidlərimizin də adını bəzi nankorlar elə qələmə verirlər ki, qazi günahkar çıxır. Amma şəhidi təhqir edəndə yel vurub, yengələr oynayır. Bu nə vaxta qədər davam edəcək? Nə vaxta qədər biganəlik, “məndən ötdü, qardaşıma dəydi” prinsipi hökm sürəcək? İnsanın bir sözünü 50 qəpiklik çörək üçün dilənən, ağlayan, internetin pulunu göydənmi, yerdənmi, hardansa tapıb ödəyərək klaviatura arxasında günlərlə çürüdənlər kişi olduqlarını zənn edirlər. Amma fikirləşmirlər ki, onlar kişi olana qədər kişilik dəbdən düşəcək”.

Xalq artisti yaşamağın mənasızlaşmasından, həyata doymasından, laqeydlikdən, Allahdan, Şeytandan da yazıb.

“İlahi-Pərvərdigarım, yaşamaq o qədər mənasızlaşıb ki… Sanki həyatdan doymuşam. Bütün bu haqsızlıqları, qudurğanlıqları görüb doymuşam. İnsanların qeydinə qalmağa məhkum edilən kəslərin laqeydliyindən doymuşam. Onlar Sənə güvənmirlər. Yəni bu həyatda səndən güclüsümü var? Sənin yaratdıqların Səndən güclümü ola bilər? Qurban olum, elə bəndələr yarat ki, heç olmasa şeytan onlara şeytanlıq edə bilsin. Çünki onlar bu dünyaya elə hazırlıqlı gəlirlər ki, şeytana şeytanlıq öyrədirlər. Qurban olum, haqqı nahaqa qurban vermə. Çünki yaratdıqların sənə möhtacdır. Bəzən “gec olar, güc olar” desələr də, bu gecliyə də dözə bilmirlər. Halal çörəyi haramdan seçə bilməyən, haram yolu halaldan üstün bilənlərə özün asi ol. Çünki biz onlarla bacara bilməyəcəyik”.