Avropa Məhkəməsi “Ramil Səfərov işi” ilə bağlı Azərbaycanı cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib. “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır.

Qərar beynəlxalq məhkəmənin saytında dərc edilib.  AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl ediblər.

Azərbaycan ərizəçilərə 15143.33 funt sterlinq təzminat ödəməlidir. İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı əslən erməni olan Qurqen Markaryanı onu təhqir etdiyi üçün qətlə yetirib.

Ramil Səfərov buna görə 2006-cı il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub.

2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə Ramil Səfərovu Azərbaycana təhvil verib. Sonradan o, Azərbaycanda əfv olunub. Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb. Yekunda AİHM-ə şikayət ediblər.

Ərizəçilər iddia edirdi ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda, AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, ona rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusu mübahisələndirilmişdi.

Ərizəçilər bundan əlavə, Ramil Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu da iddia edirdilər.

Azərbaycan: “Ermənistanın əsas niyyəti təmin edilməyib”

Azərbaycanın Xarici İşlər Nazirliyi qərarla bağlı bildirib ki, məhkəmə əslində Ermənistanın “əsas niyyətini təmin etməyib”.

XİN sözçüsü Leyla Abdullayeva deyib ki, “AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur.”

“Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib”, – Leyla Abdullayeva deyib.

XİN-nin sözçüsü bildirib ki, məhkəmənin qənaətincə Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.

“Məhkəmədə Ramil Səfərovun Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatı yaşadığını nəzərə alınmalı idi”, – Leyla Abdullayeva əlavə edib.