Azərbaycan hökuməti 33 məhkumun koronavirusa yoluxduğunu etiraf etdi

Azərbaycan hökuməti məhbuslar arasında 33 məhkumun koronavirus infeksiyasına yoluxduğunu etiraf edib. Bu barədə mayın 12-də Ədliyyə Nazirliyi açıqlama verib.

Məlumatda deyilir ki, Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb.

“Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır”.

Nazirlikdən bildirildiyinə görə, bununla yanaşı, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq, dərman təminatı mövcuddur:

“Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir”.

Hələ bir müddət əvvəl həm məhkumlarla yaxınlarının görüşü, həm də onlara sovqat çatdırılması dayandırılmışdı.

Bundan əvvəl, mayın 11-də 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Beynəlxalq Bankın keçmiş̧ rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezidentə məktub yazaraq bildirmişdi ki, həmin cəzaçəkmə müəssisəsində 28 məhbusda koronavirus aşkarlanıb.

Keçmiş bankirin bacısı qardaşının həyatından narahat olduğunu bildirir və onun xilası üçün İlham Əliyevdən kömək istəyirdi.

Bu məlumatdan sonra isə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların virusa yoluxması haqqında məlumatı təkzib etmişdi.

Şöbə rəisi bildirmişdi ki, ümumiyyətlə, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan məhkumlar arasında belə hal yoxdur.