Elmar Məmmədyarov oğlunun 4 mln dollara aldığı mülklətə niyə aydınlıq gətirmir? [fotolar]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına Nyu-Yorkda ən lüks yerlərindən birində alınan 2 bahalı mənzilin sənədləri ortaya çıxıb. Bu haqda məlumatı jurnalist Cavanşir Həsənli paylaşıb.

Araşdırmaçı jurnalist bildirib ki, Nyu-Yorkda yerləşən binadan oğluna 2 mənzil alan nazir ümumilikdə 4 milyon dollardan çox pul xərcləyib.

C.Həsənlinin ortaya çıxardığı sənədlər göstərir ki, nazirin oğlunun adına ‘New-York, Manhattan, Riverside Boulevard 120’ ünvanında 2 mənzil alıb. Mənzillərdən biri 2015-ci il iyunun 9-da, digəri isə bundan 3 həftə sonra – iyulun 1-də alınıb. Məmmədyarovlar ailəsi birinci mənzilə 2 milyon 200 min, ikinci mənzilə isə 2 milyon 50 min dollar ödəyiblər.

Çıxarışlardan da göründüyü kimi mənzillər fərqli əmlak şirkətləri vasitəsilə əldə olunub. Yəni ümumilikdə 4 milyon 250 min dollar. Mənzillərdən biri ilə bağlı Nyu York şəhər Maliyyə Departamentinə aid əlavə sənəddə (ID 2015070B00529001) mənzilin dəyərinin tam ödənildiyi əksini tapıb.

Azərbaycanın xarici işlər naziri və xanımı Kamilə Məmmədyarova (qeydiyyat məlumatlarında Kyamilya B Mamedyarova) da bu mənzillərdə qeydiyyatdadırlar.

Araşdırma çıxandan sonra bir çox insanda sual yarandı ki, 1 925 manat maaş alan nazirin övladının adına 4,2 milyon dollara iki mənzil hansı pulun hesabına alınıb? Hələ 2015-ci ildə hər iki övladı ABŞ-da tələbə olan bu gənclər o pulu öz hesablarına qazanıblar, ya nazir atalarının sərvətidir?

Bu sualların dəqiq cavabını ictimaiyyət də bilmir. Eyni zamanda məsələ ilə bağlı nə Xarici İşlər Nazirliyindən, nə Elmar Məmmədyarovun özündən münasibət almaq mümkün olmayıb. Nazirin özü də bu barədə hələlik heç bir açıqlama verməyib. Amma ölkənin baş diplomatı bu kimi şübhəli məqamlara aydınlıq gətirməlidir.