‘Freedom House’: ‘Əgər İlham Əliyev istefa verərsə…’

“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı dünyada insan hüquqlarının vəziyyəti barədə illik hesabatı dərc edib. Bu barədə Turan agentliyi xəbər yayıb. 

“Demokratiya və azadlığın genişləndirilməsi: Keçid dövrünün dövlətlər” adlı araşdırma 29 ölkəni əhatə edir. Bunlardan 10-u demokratik, 10-u hibrid, 9-u avtoritar ölkələrə aid edilib. Azərbaycan 1,4 balla sonuncu kateqoriyaya düşüb.

“Azərbaycan, Tacikistan və Türkmənistan prezidentləri öz qohumlarını məsul postlara təyin edərək hakimiyyətin sülalə şəklində ötürülməsi üçün zəmin yaradır. Bir şəxsiyyətin üstün bir sistemdə hakimiyyətin istənilən formada ötürülməsi risk yaradır”.

Hesabatda deyilir ki, oturuşmuş diktaturası olan regionda fundamental azadlıqlar çox zəif qorunub. Ermənistan və Gürcüstan isə 3 və 3,25 balla hibrid rejimi olan ölkələr sırasına düşüblər.

“Freedom House” qeyd edir ki, prezident İlham Əliyev 2003-cü ildə sərt nəzarət altında keçirilmiş seçkilərdə hakimiyyəti atasından alıb.

“Və indi də hakimiyyətin ailə daxilində ötürülməsinə hazırlığın əlamətləri görünür. Son illər Əliyev hakimiyyətin ali eşelonlarında əsasən həyat yoldaşının xeyrinə dəyişikliklər həyata keçirir”, – araşdırmada deyilir.

Qeyd olunur ki, 2017-ci ildə birinci vitse-prezident postunun təsis edilməsi “Paşayev klanı” adlanan ailə şəbəkəsini gücləndirib.

İqtisadiyyatın yavaşlaması və klan siyasətinin güclənməsi fonunda ictimai dəstəyi itirən Əliyev “köhnə qvardiya”nın məmurlarını uzaqlaşdıraraq elitadaxili birlik ehtimalını azaltmağa çalışır. Kənarlaşdırılan şəxslər Əliyevin həyat yoldaşına qarşı çıxıblar və ya ən azı ona loyal olmayıblar.

“Əgər gələcəkdə Əliyev istefa verərsə, Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyətə rəhbərlik edəcək”, – hesabatda deyilir.

Azərbaycan hakimiyyəti hələlik bu hesabatı şərh etməyib. Lakin bir qayda olaraq, hökumət nümayəndələri tənqidi qəbul etməyərək onu qərəzli adlandırırlar və  insan hüquq və azadlıqlarına hörmət olunduğunu bildirirlər.