İtləri narkotik təsiri altında döyüşdürməkdə və öldürməkdə günahlandırılanlar həbs edilib, amma…

İtləri narkotik təsiri altında döyüşdürməkdə və öldürməkdə günahlandırılan şəxslər həbs edilib, amma bu iş üzrə bir nəfərə cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb. 

Məlumata görə, sosial şəbəkələrdə it döyüşlərini əks etdirən videogörüntülər paylaşılandan sonra məsələ nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib.

Polis leytenantı Zeyni Hüseynov Report-a bildirib ki, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib.

“Onlardan dördü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıb. Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Rəsmi məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ) maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Onların hər biri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs ediliblər”.

Xatırlatma

Bir neçə gün öncə sosial şəbəkələrdə itlərin döyüşdürülərək bir-birini parçalaması barədə videogörüntülər yayılıb.

Paylaşımda deyilirdi ki, Mətləb adlı şəxs “Pitbull” fermasında it döyüşləri təşkil edir və itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər.

İddiaya görə, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranır və cavan döyüş itlərinə yedizdirilir.