Koronavirusla bağlı ‘Semaşko’da vəziyyətiyyət necədir? [video]

İyunun 21-də 1 saylı Kliniki Tibbi Mərkəzdə (‘Semaşko’) koronavirus infeksiyasından müalicə alan Bəhruz Əliyev adlı şəxs sosial şəbəkədə video yayaraq xəstəxanadakı vəziyyətdən şikayət edib. 

Abzas xəbər verir ki, pasient hökumətin tibb mərkəzində həm xəstələrə, həm də tibb işçilərinə qarşı lazımi tədbirlərin görülməməsindən şikayətlənib. O bildirib ki, nə onlara yetərli dərman verilir, nə də infeksionist həkimlər var (Pasientin tam çıxışı yuxarıda videoda).

Məsələ ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kliniki Tibbi Mərkəzlə bağlı açıqlama yayıb.

Məlumatda deyilir ki, Kliniki Tibbi Mərkəzdəki vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür.

“Kitayski” dərman məsələsi

“Videomaterialda pasiyentin “Çin dərmanı” adlandırdığı dərman preparatı Favipiravirdir. Favipiravir – müxtəlif növ RNT-virusları, o cümlədən koronovirus SARS-CoV-2, əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənib. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı “Aviqan”dır”.

Açıqlamada deyilir ki, həmin dərman koronavirus aleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunub.

“Müayinənin nəticələri göstərib ki, Favipirivarin təsiri altında koronovirusun insan orqanizmində mövcudluğu 11 gündən 4 günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur, halbuki Favipiraviri qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil edib”.

Həkim-infeksionistlərlərin çatışmazlığı ilə bağlı

TƏBİB pasientin həkim-infeksionistlərlərin çatışmazlığı ilə bağlı bildirdiklərinə də münasibət bildirib. Açıqlamada deyilir ki, bütün dünyada Koronavirus pandemiyasına qarşı mübarizəyə tək həkim-infeksionistlər deyil, müxtəlif ixtisaslı həkimlər cəlb edilib.

“Eləcə də, Azərbaycanda bütün ixtisasdan olan həkimlər ayrı-ayrı pandemiya xəstəxanalarında pasiyentlərə xidmət göstərir. Lakin bu, o demək deyil ki, xüsusi rejimli xəstəxanalarda müalicələr özbaşına və heç bir əsası olmadan aparılır. Bütün tibb müəssisələrində müalicə TƏBİB tərəfindən tərtib olunmuş “COVID-19 – Tibb işçiləri üçün müvəqqəti rəhbərlik” əsasında müvafiq protokollarla aparılır. Eyni zamanda, hər bir xəstəxana həkim-infeksionist tərəfindən koordinasiya olunur” .

Rəsmi açıqlamada deyilir ki, Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma davam etdirilir və pasiyentlərin müraciətləri və şikayətləri nəzərə alınaraq, tez bir zamanda mövcud çatışmazlıqlar aradan qaldırılacaq.