Avropa sosial-demokratları Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırlar

Avropa Parlamenti Sosialistlər və Demokratlar qrupunun vitse-prezidenti, Hollandiyalı deputat Kati Piri

“Azərbaycanın hüquq-mühafizə orqanlarının AXCP sədr müavini Fuad Qəhrəmanlını ağır işgəncələrə məruz qoymasına dair inadırıcı məlumatlar bizi narahat edir. Qəhrəmanlı prezident İlham Əliyev rejimi tərəfindən çevriliş hazırlamaq ittihamı ilə həbs olunan, hazırda AXCP sədri Əli Kərimli ilə qanunsuz olaraq de-fakto ev dustaqlığına məruz qalan onlarla müxalif şəxs arasındadır”.

Bu barədə Avropa Parlamentinin Sosialistlər və Demokratlar Qrupunun vitse-prezidenti, Hollandiyalı deputat Kati Pirinin bəyanatında deyilir.

“Bu məsuliyyətsiz hərəkətlər prezident Əliyevin çıxışlarında dəfələrlə “beşinci kolon” və “satqın” kimi qələmə verdiyi müxalifətçiləri qorxutmaq, onlara təcavüz və həbsdən ibarət sistematik kampaniyanın bir hissəsini təşkil edir”.

Qrupun vitse-prezidentinin bəyanatında deyilir ki, Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, həbs edilənlər hüquqşünasları və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilir.

“Prezident Əliyevin COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir”.

K.Pirinin açıqlamasında bildirilir ki, Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə baş nümayəndəsi Cosep Borrelli gecikdirilmədən Aİ-nın insan haqlarının hədəf alınması təşəbbüsü çərçivəsində Azərbaycanda zorakılıqların, ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə cavabdeh olan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq.