Əfqanıstanda hava hücumu zamanı 11 uşaq ölüb

Əfqanıstanın şimal-şərq regionunun rəsmilərinin bildirdiyinə görə, bir məktəbə edilən hava hücumu zamanı 11-i uşaq olmaqla, 12 nəfər ölüb.

Hava hücumu çərşənbə günü Təxar vilayətinə Əfqanıstan təhlükəsizlik qüvvələri ilə Taliban döyüşçüləri arasında üç gün davam edən şiddətli döyüşlərdən zamanı həyata keçirilib və 20-dən çox əsgərin öldüyü bildirilib. Hava hücumunun hansı tərəfin həyata keçirdiyi məlum deyil.

Rəsmilər hücum zamanı daha 14 nəfərin yaralandığını bildirib.

Amerika Birləşmiş Ştatları Əfqanıstanda yüksək həddə çatan zorakılıqların Vaşinqtonun Taliban üsyançıları ilə sülh razılaşması və Əfqanıstanın daxili sülh danışıqlarının pozulmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu xəbərdarlığı bazar ertəsi Talibanın Helmənd vilayətində genişmiqyaslı hücumları da daxil olmaqla, Əfqanıstan təhlükəsizlik qüvvələrinə qarşı hücumları artırdığı vaxt verib.

“Bizim gözləntimiz zorakılıqların azalacağı və dayandırılacağı olub və belə də qalır” – deyə, Xəlilzad yazdığı silsilə tvitlərin birində bildirib.

19 il sürən Əfqanıstan münaqişəsinə son qoyulmasını təşviq etmək üçün fevral ayında ABŞ-ın Talibanla imzaladığı tarixi sülh müqaviləsindən sonra ölkədə zorakılıqların “əhəmiyyətli dərəcədə” azalacağına ümid edilirdi.

Əfqan əsilli ABŞ diplomatı razılaşmanın Helmənddə hərbi əməliyyatların azalmasına gətirib çıxardığını, lakin ümumilikdə ölkədə zorakılıqların səviyyəsinin hələ də yüksək olaraq qaldığını deyib.